Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

15.10.2020 16:45
  • A-
  • A
  • A+

Yüksək Texnologiyalar Parkında mülki müdafiə ilə bağlı maarifləndirici tədbir keçirilib

Yüksək Texnologiyalar Parkında mülki müdafiə ilə bağlı maarifləndirici tədbir keçirilib

Oktyabrın 15-də AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) mülki müdafiə ilə bağlı maarifləndirici tədbir keçirilib. Əsas məqsəd fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərin artırılması, baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri, eləcə də müharibə zamanı həyəcan siqnalı işə salındıqda düzgün təxliyyə tədbirlərinin görülməsi və onların qarşısının alınması ilə bağlı təlimatlandırıcı xarakterli məlumatların verilməsi olub. 

Tədbirdə YT Parkın əməkdaşı Elyar Kərimov çıxış edərək bildirib ki, Ermənistan dövləti təcavüzkar siyasətinə sadiq qalaraq 27 sentyabr 2020-ci il tarixindən başlayaraq beynəlxalq hüquq normalarını növbəti dəfə kobud şəkildə pozmaqla, cəbhə bölgəsi və buradan uzaq ərazilərdəki mülki əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrini, tarixi-mədəni binaları və strateji əhəmiyyətli digər obyektləri intensiv şəkildə atəşə tutur. Erməni təxribatına cavab olaraq Azərbaycan Ordusu ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə torpaqlarımızın azad olunması uğrunda mübarizəyə qalxıb, əks-hücum əməliyyatları nəticəsində işğal altındakı bir sıra ərazilərimiz və strateji yüksəkliklər düşməndən azad edilib.

E.Kərimov qeyd edib ki, bu günlərdə xalqımız Milli Orduya öz dəstəyini ifadə edir, həmrəylik nümayiş etdirirlər. YT Parkın əməkdaşlarının ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan haqlı mübarizəyə qatılmağa, düşmənə qarşı vuruşmağa hazır olduğunu vurğulayan natiq müəssisənin iki əməkdaşının səfərbərliyə cəlb olunaraq erməni qəsbkarlarına qarşı ön cəbhədə mübarizə apardığını diqqətə çatdırıb.

O bildirib ki, bu gün ölkəmiz iki cəbhədə mübarizə aparır: “Bunlardan biri Qarabağ uğrunda savaşdırsa, digəri ilin əvvəllərindən bəri bütün dünyanın mübarizə apardığı yeni növ koronavirus (COVID-19) infeksiyasıdır. Payız-qış mövsümü qrip və digər respirator xəstəliklərdə artımın müşahidə edildiyi dövr olduğuna görə hər addımda yüksək vətəndaş məsuliyyəti göstərməliyik. Bu məsələdə gigiyena qaydalarına əməl edilməsi, kütləvi toplanma yerlərində maska taxılması, antiseptik və dezinfeksiya məhsullarından lazımi qədər istifadə olunması və sosial məsafənin saxlanılması zəruridir”.

O, sülh və müharibə dövründə insanların təhlükəsizliyinin təmin edilməsində mülki müdafiənin rolundan danışıb, bu sahədə hər bir vətəndaşın maarifləndirilməsinin vacibliyini qeyd edib. E.Kərimov əlavə edib ki, fövqəladə hadisələr zamanı, eləcə də hərbi vəziyyətlə əlaqədar olaraq həyəcan siqnalı işə salınarsa YT Parkın ərazisində bütün zəruri imkanlara malik sığınacaq mövcuddur.

Daha sona MM üzrə aparıcı mütəxəssis Oleq İsmayılov çıxış edərək bildirib ki, hər hansı fövqəladə vəziyyət baş verdiyi halda, bütün qəzadan mühafizə vasitələri işə yararlı vəziyyətdədir. O, həmçinin qeyd edib ki, YT Parkın ərazisində fəaliyyət göstərən heyət, o cümlədən rezidentlərin və inkubator-rezidentlərin istehsalat sahələrində və ofislərdə çalışan əməkdaşlar qəza həyəcan siqnalı baş verərsə, qaydalara uyğun hərəkət etməyə dair təlimatlandırılıb və həyəcan siqnalı reaksiyasına hazırlıqlıdırlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: