www.science.az
15.10.2020 16:39

Fiziologiya terminləri lüğəti işıq üzü görüb

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu tərəfindən “Fiziologiya terminləri lüğəti (rusca, ingiliscə, azərbaycanca)” kitabı çap olunub.

Vəsaitdə müasir fiziologiyada, eləcə də onunla əlaqəli digər elm sahələrində geniş istifadə olunan 4 minə yaxın termin yer alıb. Lüğətin strukturu terminlərin rus-ingilis-Azərbaycan formatında kiril əlifbası sırası ilə qurulub və Azərbaycan dilində terminlərin elmi izahı verilib.

Lüğət insan və heyvan fiziologiyası sahəsində çalışan mütəxəssislər, həkimlər, tibbi təhsil verən universitetlərin müəllim və elmi işçiləri,  tərcüməçilər üçün nəzərdə tutulub. Biologiya və tibb ixtisasları üzrə təhsil alan tələbələr, magistrantlar da lüğətdən köməkçi tədris vəsaiti kimi faydalana bilərlər.

Qeyd edək ki, insan və heyvan fiziologiyası terminləri üzrə ilk rusca-azərbaycanca lüğət 1960-cı ildə akademik Abdulla Qarayev və professor Məhərrəm Mustafayev tərəfindən tərtib olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.