Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Naxçıvan Bölməsində yeni kitabların müzakirəsi keçirilib
13.10.2020 15:47
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində yeni kitabların müzakirəsi keçirilib

AMEA-nın Naxçıvan Bölməsində Azərbaycan ədəbi mühitinin görkəmli nümayəndəsi, Naxçıvan Yazıçılar Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi Asim Yadigarın “Xaqani” dastanı”, “O mənim ürəyim deyil”, “Yollarında qaldı gözüm” və Günay Şirəliyevanın “Asim Yadigarın yaradıclıq yolu” adlı kitablarının müzakirəsi keçirilib.

Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq şair Asim Yadigarın zəngin ədəbi-bədii yaradıcılıq nümunələrinə nəzər salıb. Bildirib ki, yaradıcılığına şeir ilə başlayan və bu gün daha çox poema və dram əsərləri ilə tanınan Asim Yadigar 40 ilə yaxındır ki, ədəbi yaradıcılıqla məşğul olur. Qeyd olunub ki, şairin qələmə aldığı şeirlərinin dili rəvan, ürəyəyatımlıdır. Onun qəlbindən süzülüb gələn misralarda yüksək vətəndaşlıq, vətənpərvərlik hisləri daha qabarıqdır. Şeirlərinin əsas qayəsi Vətən, tarix, qəhrəmanlıq üstündə köklənib.

Vurğulanıb ki, Asim Yadigarın yaradıcılıq yolu Günay Şirəliyevanın qələmə aldığı monoqrafiyada geniş şəkildə əksini tapıb. Belə ki, nəşrdə Asim Yadigarın şeirləri, poemaları və dram əsərləri, şairin yaradıcılığındakı əsas mövzular, onların bədii təqdim üsulları sistemli bir şəkildə araşdırılaraq tədqiqata cəlb olunub.

İsmayıl Hacıyev şairə bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.

Sonra Naxçıvan Müəllimlər İnstitutunun müəllimi, filologiya üzrə fəlsəfə doktoru Günay Şirəliyeva “Asim Yadigarın həyatı və yaradıcılıq yolu”, bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Yollarında qaldı gözüm” kitabı haqqında düşüncələr”, institutun şöbə müdirləri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “Asim Yadigar yaradıcılığında poema” və filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov “Asim Yadigarın lirikası” mövzusunda məruzələri dinlənilib. Çıxışlarda bildirilib ki, Asim Yadigarın şeirlərinin əksəriyyəti bu günümüzün reallıqlarını əks etdirir. Şairin “Bir nurlu heykəl yarat”,  “Azərbaycan dünyaya günəş kimi doğacaq”, “Vətən oğlu”, “Döyüş əmri ver mənə” şeirlərindən nümunələr səsləndirilib.

Tədbirin sonunda şair Asim Yadigar çıxış edərək ədəbiyyatın bütün dövrlərdə həyatın güzgüsü, milli varlığın əsas rəmzlərindən biri olduğunu söyləyib, yeni dövrün, sürətli inkişafın ruhuna uyğun, yüksək bədii dəyərə malik ədəbi nümunələrlə bağlı fikirlərini diqqətə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: