www.science.az
12.10.2020 12:54

“Mədəniyyət” kanalında “Söz məbədi” adlı ikihissəli müəllif filmi nümayiş olunub

“AzTV”nin “Mədəniyyət” kanalında AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin yaradılmasının 80 illiyi münasibətilə çəkilmiş “Söz məbədi” adlı ikihissəli müəllif filmi nümayiş olunub.

Muzeyin direktoru, akademik Rafael Hüseynovun ssenari müəllifi, quruluşçu rejissoru və aparıcısı olduğu filmin “Nizaminin salamı” adlı birinci hissəsində Nizami Muzeyinin yaranma tarixindən, keçdiyi inkişaf yolundan, yenidən qurulmasından, burada təqdim olunan eksponatlardan bəhs edilir. 

Akademik R.Hüseynov bildirib ki, muzey dahi şair Nizami Gəncəvinin anadan olmasının 1941-ci ilə təsadüf edən 800 illik yubileyindən öncə, 1940-cı illərin əvvəllərində qurulub tamamlansa da, Azərbaycanın da tərkibinə daxil olduğu SSRİ-nin İkinci Dünya müharibəsinə cəlb edilməsi ilə əlaqədar qapılarını tamaşaçı üzünə yalnız 1945-ci ilin mayın 14-də – faşizm üzərində Qələbə çalınandan bir neçə gün sonra açıb.

Filmdə muzeyin zallarında nümayiş olunan eksponatlar barədə danışılıb, XVIII əsrdə yaşamış Pənah xanın köynəyi, Ömər Faiq Nemanzadənin qələmi, Mirzə Fətəli Axundzadəyə məxsus olan masa və oturacaqlar, öz fəaliyyətləri ilə “xalqa çıraq olan” Azərbaycan ədiblərinin yaradıcılıqla məşğul olduqları zaman istifadə etdikləri çıraqları diqqətə çatdırılıb. 

R.Hüseynov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Nizami Muzeyinə böyük rəğbət bəslədiyini və ona xüsusi diqqətlə yanaşdığını bildirib. O, ölkə Prezidenti İlham Əliyevin göstərişi ilə muzeyin əsaslı təmir edilərək yenidən qurulduğunu vurğulayıb.

Sənədli filmdə Xalq şairləri Sabir Rüstəmxanlı və Ramiz Rövşən, Xalq rəssamı Akif Əsgərov bu mədəniyyət ocağı ilə bağlı fikirlərini bölüşüb, Nizami Muzeyinin elmi işçiləri Fatma Əliyeva və Kübra Şamilova burada fəaliyyət göstərdikləri müddətdə qarşılaşdıqları maraqlı əhvalatlar, muzeylə bağlı xatirələrindən söz açıblar.

Akademik R.Hüseynov bildirib ki, söz, sənət ocağı olan Nizami Muzeyi artıq ölkəmizin aparıcı elm məbədlərindən birinə çevrilib. 2000-ci illərin əvvəllərindən etibarən muzey öz ətrafında ölkənin təcrübəli alimlərini, istedadlı gəncləri birləşdirərək, muzey fəaliyyəti ilə yanaşı, ədəbiyyatşünaslıq, şərqşünaslıq və muzeyşünaslıq araşdırmalarının yer aldığı məkan mərtəbəsinə ucalıb: “80 yaşlı Nizami Muzeyindəki elmi araşdırma və yaradıcılıq şöbələrinin sayı artıq 20-yə yaxınlaşır. Son 15 ildə muzeydə yetişmiş alimlərin sayı qurumun bütün tarixi boyu buradan pərvazlanmış alimlərin sayından daha çoxdur. Azərbaycan elminin gələcəyi olan muzeyin yetişdirdiyi gənclərin bir çoxu artıq ölkəmizin hüdudlarından kənarda da tanınmaqdadır. Bu gənclərin başlıca amalı yurdumuzun üstünlüyünü elm vasitəsilə dünyaya göstərməkdir. Dahi Nizaminin də dediyi kimi, “qüvvət elmdədir başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz!”.

Filmdə, həmçinin Nizami Muzeyinin filialı olan S.Yesenin adına Azərbaycan-Rusiya Ədəbi Əlaqələr Mərkəzi, Əfzələddin Xaqani Şirvani adına Aran Regional Filialı, muzeyin Sloveniyada fəaliyyət göstərən Mehdi Hüseynzadə filialı haqqında maraqlı faktlar diqqətə çatdırılıb.

Sənədli filmin “Yaddaş körpüsü” adlı ikinci hissəsində bu elm və mədəniyyət ocağının ötən dövrdə keçdiyi yolu əks etdirən nadir tarixi məlumatlar təqdim edilib. Muzeyin uzun illər karvansaray kimi istifadə olunduğunu söyləyən R.Hüseynov bildirib ki, 1915-ci ildə memar A.Nikitin tərəfindən binanın layihəsində bir sıra dəyişikliklər edildikdən sonra bu əzəmətli bina “Metropol” mehmanxanası kimi fəaliyyət göstərib. Direktor vurğulayıb ki, 1918-ci ildə Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra məhz bu mehmanxana Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndələrinin yaşayıb fəaliyyət göstərdiyi mərkəzə çevrilib.

Ekran əsərində muzeyin indi Fəvvarələr Meydanına baxan hissəsində olan təzə qovaq ağaclarının tarixçəsindən də söz açılıb. Akademik R.Hüseynovun sözlərinə görə, uzun illər Nizami Muzeyinin fotoqrafı işləyən Cavad Axundov fəaliyyət göstərdiyi müddətdə ədəbiyyatımızın bir neçə on ilinin fotosalnaməsini yaradıb. Muzeyə ruhən çox bağlı olan bu insan hər yeni övladı dünyaya gələndə muzeyin önündə təzə qovaq ağacı əkib: “Fotoqraf Cavad Axundovun 10 övladını nəzərdə tutaraq əkdiyi bu qovaqların boyu indi muzeydən də ucaya qalxaraq binanın eyvanındakı 6 şair heykəli ilə birlikdə Nizami evinin rəmzinə çevrilib”.

Akademik R.Hüseynovun müəllif filmində Nizami Muzeyində nümayiş olunan əhəmiyyətli əsərlər, o cümlədən qiymətsiz tabloların ərsəyə gəlmə tarixçəsi, muzeyin keçdiyi yolu əks etdirən nadir kitablar və s. barədə ətraflı məlumat təqdim olunub.

Filmdə Xalq yazıçısı Anar, akademik Həmid Araslının qızı, AMEA-nın müxbir üzvü Nüşabə Araslı, Xalq rəssamı, heykəltaraş, professor Natiq Əliyev, 40 ildən çox müddətdə muzeydə çalışan Tomris Babanlı muzeylə bağlı xatirələrini bölüşüblər. Bidirilib ki, Nizami Gəncəvinin ölməz yaradıcılığını dərin məhəbbətlə sevmək üçün muzeyə nəzər salmaq kifayətdir. Qeyd olunub ki, milli istiqlalımızın ünvanı adlandırıla biləcək nadir məkanlardan biri olan bu muzeydə Azərbaycan istiqlalı tarixinin dünənində qalan izlərini nümayiş etdirən maraqlı yadigarlar yer alıb.

Qeyd edək ki, ikihissəli sənədli filmdə Azərbaycan Respublikası Milli Arxiv İdarəsi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, eləcə də Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin arxiv materiallarından istifadə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.