www.science.az
15.11.2013 00:00

İstanbulda nəşr olunmuş “Hüseyn Cavid. Əsərləri” kitabının təqdimat mərasimi keçirildi

Bu gün AMEA-nın Əsas binasında AR Prezidenti Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri, professor Əli Həsənovun təşəbbüsü və “Kaspi” qəzeti vəKaspi Təhsil Mərkəzinin layihəsi əsasında İstanbulda nəşr olunmuş “Hüseyn Cavid. Əsərləri” kitabının təqdimat mərasimi keçirildi. MEA Nizami adına Ədəbiyyat İnstitutu, Hüseyn Cavidin Ev Muzeyi, “Kaspi” qəzeti və Kaspi Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli dramaturqun həyat və yaradıcılığından söhbət açdı, onun Azərbaycan ədəbi məktəbinin yaranmasında göstərdiyi xidmətlərindən danışdı. Kitab haqqında geniş məlumat verən İsa Həbibbəyli yeni nəşrdə ədibin əsas əsərlərinin yer aldığını nəzərə çatdırdı. Cəmiyyətdə gedən prosesləri ədəbi dildə böyük ustalıqla əks etdirən ədibin təqdim olunan nəşrdə 9 dram əsərinin yer aldığını vurğuladı: “H.Cavid Azərbaycan ədəbiyyatına ümumtürk məfkurəsini gətirən ilk şəxsiyyətdir. Kitab Cavid yaradıcılığını dünyaya daha yaxşı tanıtdırmaq baxımından mühüm əhəmiyyətə malikdir. Yeni nəşr Hüseyn Cavid yaradıcılığının tədqiqi üçün mükəmməl mənbələrdən biridir”. Sonra filologiya üzrə elmlər doktoru, professor Kamran Əliyev “Hüseyn Cavid əsərlərinin Türkiyədə ilk nəşri” mövzusunda məruzə ilə çıxış etdi. Tədbirdə çıxış edən Hüseyn Cavid əsərlərinin İstanbul nəşri layihəsinin rəhbəri, “Kaspi” qəzetinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva, millət vəkili Elmira Axundova, Türkiyə səfirliyinin turizm və tanıtım müşaviri Seyid Əhməd Arslan, AMEA H.Cavidin Ev Muzeyinin direktoru, filologiya elmləri üzrə elmlər doktoru Gülbəniz Babaxanlı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və başqaları ədibin həyat və yaradıcılığından danışdılar, kitabın Hüseyn Cavid irsinin tədqiq edilməsində əhəmiyyətli bir mənbə olacağını bildirdilər. Qeyd edək ki, Hüseyn Cavid əsərlərinin İstanbul nəşrini filologiya üzrə fəlsəfə doktoru Azər Turan hazırlamışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.