Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Torpaqşünaslıq və Aqrokimya İnstitutu Azərbaycanın işğaldan azad olunmuş ərazilərində kəhrizləri tədqiq edəcək
01.10.2020 12:15
  • A-
  • A
  • A+

Torpaqşünaslıq və Aqrokimya İnstitutu Azərbaycanın işğaldan azad olunmuş ərazilərində kəhrizləri tədqiq edəcək

Doğma Qarabağ uğrunda Ali Baş Komandanın rəhbərliyi ilə aparılan döyüşlərdən gələn ilk xoş xəbərlər bütün xalqımızda olduğu kimi AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun kollektivində də ruh yüksəkliyi yaradıb.

Şübhə etmirik ki, yaxın günlərdə rəşadətli ordumuzun zəfər yürüşü ilə Cəbrayıl, Füzuli, Ağdam da daxil olmaqla, bütün Qarabağ tam şəkildə azad olunacaq. İşğal olunmuş ərazilərimizdə kifayət qədər kəhrizlərimiz var. Etibarlı, saf su mənbəyi olan kəhriz sistemləri maddi mədəniyyətimizin və tariximizin qiymətli parçalarıdır. Onları bərpa edərək potensial su mənbəyi kimi xalqın istifadəsinə vermək, qorumaq, yaşatmaq, suyunun təmizliyinə nəzarət etmək bizim müqəddəs borcumuzdur. Bütün bunlar üçünsə müvafiq tədqiqatların aparılmasına ehtiyac var.

Azərbaycanda 885 kəhrizin (262 ədədi Naxçıvan MR-ə aiddir) suyundan istifadə olunur. Deməli, Naxçıvandan kənar ərazilərimizdə 623 kəhriz mövcuddur ki, onun da 332-si hazırda işğal altında olan rayonlardadır. Artıq 30 ildən çoxdur ki, bu abidələrdə heç bir təmir bərpa işləri aparılmır, onların mövcud vəziyyəti barədə məlumatlar yox dərəcəsindədir.

2016-2017-ci illərdə Azərbaycanın əksər ərazilərində mövcud olan kəhrizlər tədqiq olunub, lakin təbii ki, işğal zonasında məlum səbəblərdən bu işi aparmaq mümkün deyib.

Qeyd etmək lazımdır ki, işğal zonasında tədqiq olunacaq 332 kəhrizin baxış quyuları 7660 ədəd, kürə və tunellərinin uzunluğu isə 229 km-dir. Həmin kəhrizlərin illik potensial suvermə qabiliyyəti 57 mln. kubmetr təşkil edir. Təkcə Cəbrayıl rayonu ərazisindəki kəhrizlər il ərzində 34 mln. kubmetr su verə bilər. Göründüyü kimi, burada böyük potensial mövcuddur.

İşğaldan azad edilən bölgələrdəki kəhrizlərin öyrənilməsi və bərpası həmin ərazilərdə əhalinin içməli suya olan təlabatının ödənilməsi ilə yanaşı, iqtisadi və sosial həyatın, müxtəlif təsərrüfat sahələrinin dirçəldilməsində mühüm rol oynayacaq.

Əlövsət QULİYEV, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: