Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Cəbhə xəttindəki uğurlarımız Qarabağın fauna və florasını da xilas edəcək
29.09.2020 15:46
  • A-
  • A
  • A+

Cəbhə xəttindəki uğurlarımız Qarabağın fauna və florasını da xilas edəcək

Bu gün Azərbaycan dövləti və xalqımız hamımızın çoxdan gözlədiyi haqq davasına qalxıb. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu tarix yazmaqda, Ermənistanın işğalçılıq siyasəti özünün son nəfəsini almaqda, doğma Qarabağımız, ulularımızın yurd yerləri düşmən tapdağından azad edilməkdədir. Otuz ilə yaxın bir müddət ərzində yol axtardığımız qaranlıq tunelin sonunda işığı hiss edirik. Biz hamımız dövlət başçımızın bugünkü hərbi uğurlarımızı uzun bir müddət ərzində xüsusi siyasi ustalıqla necə hazırladığının şahidiyik. Dövlət başçımızın torpaqlarımızın azad olunması istiqamətində göstərdiyi iradə və qətiyyət, müxtəlif beynəlxalq tədbirlərdə, o cümlədən BMT-nin tribunasından etdiyi çıxışlar, verdiyi sərt və sərt olduğu qədər də ədalətli bəyanatlar, dünya ölkələrinin liderləri, məsul şəxsləri, səfirləri ilə görüşlərindəki mesajları bu günə hazırlıq idi. Ali Baş Komandan xalqa müraciətində dediyi: “... biz haqq yolundayıq, biz özümüzü müdafiə edirik” həqiqətini dəfələrlə hər kəsə çatdırmışdı, Ermənistanın haqsız olduğunu, işğalçı dövlətin havadarlarının riyakarlığını isbat edə bilmişdi və dünyanı bu günlərdə baş verən hadisələrə hazırlamış, düşmənə sarsıdıcı hərbi cavabdan xeyli öncə informasiya və diplomatiya müharibəsində qələbəmizi təmin etmişdi.

Bu fikirləri AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova söyləyib.

“Bu gün cəbhə xəttindəki uğurlarımız təkcə torpaqlarımızın deyil, talan edilərək məhv olmaq təhlükəsinə məruz qoyulmuş qiymətli biomüxtəlifliyin də xilasının müjdəçisidir. Ordumuzun qələbəsi ilə Qarabağın fauna və florası da əsirlik taleyini yaşamaqdan xilas olacaq. Avropada yeganə təbii çinar meşəsi, qaracöhrə, ayıfındığı, Araz palıdı, yalanqoz, Şərq çinarı, adi nar, meşə üzümü, pirkal, şümşəd, Eldar şamı, adi xurma, söyüdyarpaq armud və s. növ qiymətli ağac bitkiləri, Bəsitçay və Qaragöl Dövlət Təbiət qoruqları, Arazboyu, Laçın, Qubadlı və Daşaltı Dövlət Təbiət yasaqlıqları kimi məskənlər yağı tapdağından, kafir baltasından nicat tapacaq. Eyni zamanda, bir sıra təbiət muzeyləri ilə yanaşı, tarixi abidələrimiz, bütün dünya irsinin qiymətli nümunəsi olan Azıx mağaraları yad əllərdən alınacaq. Əminik ki, bütün bunlar olacaq və Qarabağ uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhları çox tezliklə rahatlığına qovuşacaq, sevinəcək və onlarla birgə Ulu Öndərin də ruhu şad olacaq”, - deyə akademik İradə Hüseynova bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: