Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Mənəvi-ictimai mühitin bədii dərki
09.12.2014 00:00
  • A-
  • A
  • A+

Mənəvi-ictimai mühitin bədii dərki

Yazıçı Hüseynbala Mirələmova tənqidçi-yazıçı cəmiyyətinin münasibəti birmənalı deyildir. Nədənsə, bəzi tənqidçilər və yazıçılar Hüseynbala Mirələmovun yaradıcılığını arxa plana çəkir, məsələyə onun özünün cəmiyyətdəki mövqeyi nöqteyi-nəzərini əsas götürməklə yanaşırlar. Amma illər keçir, Hüseynbala Mirələmovun “karyerası” dəyişsə də, bədii yaradıcılıq sahəsindəki tutduğu xətt inkişaf etməkdə davam edir.

Artıq de-fakto Hüseynbala Mirələmov adlı bir yazıçı Azərbaycan cəmiyyətinin gözü qarşısında böyük ədəbiyyata sədaqətini ifadə edən cəlbedici, oxunaqlı, düşündürücü əsərlər yazmaqda, pyesləri tamaşaya qoyulmaqda davam edir. Həm də ən maraqlısı odur ki, janrından asılı olmayaraq Hüseynbala Mirələmovun, demək olar ki, bütün əsərlərini vahid bir üslub: bədii-publisist üslub birləşdirir. O, artıq hansı mövzuda yazırsa-yazsın, cəmiyyət miqyasında düşünən, həyat materialını cəlbedici ədəbiyyat mətninə çevirməyi bacaran, son nəticədə vətəndaş-publisist sözünü ən müxtəlif tərzdə deməyi ilə fərdiləşən sistemli bir yazıçıdır.

Dünya şöhrətli yazıçı Çingiz Aytmatovun bu fikirləri, zənnimcə, Hüseynbala Mirələmovun yaradıcılığına və insani keyfiyyətlərinə verilən yüksək qiymətdir: “Mən dostluqda dəqiqliyi, həssaslığı və təmənnasız münasibətlərə qiymət verən adamam. Bu mənada Hüseynbala Mirələmovla oxşarlığımız çoxdur. Həmfikir olduğumuza görə tale bizi qovuşdurub. Biz hər bir mövzuda fikir mübadiləsi aparmaqla eyni məxrəcə gələ bilirik. Hüseynlə hər görüşəndə ondan müsbət enerji qəbul edirəm, mənən bəhrələnirəm. Ümumiyyətlə, onunla nəyisə müzakirə edəndə sanki bir məktəb keçirik. Mənəvi, ruhi və intellektual bir məktəb. Birlikdə qərar veririk, ümumi bir məxrəcə gəlirik. Bu da yaradıcılığımızda öz əksini tapır”.

Hüseynbala Mirələmovun bədii-publisistik yaradıcılıqla çox aktiv məşğul olması onun həyatında ədəbiyyat amilinin qarşısıalınmaz bir faktora çevrildiyini göstərir. Bütün bunlara görə Hüseynbala Mirələmovun həyatı və yaradıcılığı haqqında Azərbaycan cəmiyyətinə açıq-aydın və obyektiv elmi təsəvvür yarada bilən ümumiləşdirici bir tədqiqat əsərinə ciddi bir ehtiyac var idi. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərovun “Hüseynbala Mirələmovun yaradıcılığı, yaxud ədəbi tərcümeyi-halı” monoqrafiyası həm konkret olaraq tanınmış bir yazıçının yaradıcılıq yoluna sistemli və əhatəli şəkildə işıq salmaq, həm də ədəbi-elmi mühitin suallarını, yaratdığı “ikitirəliyi” aradan qaldırmaq üçün mühüm əhəmiyyətə malikdir.

Bir tənqidçi-ədəbiyyatşünas olaraq Nizami Cəfərov ədəbi proses, yaxud da konkret yazıçı və onun əsəri haqqında daha çox analitik təfəkkürdən doğan ümumiləşdirici elmi-nəzəri qənaətləri ilə səciyyələnir. Hüseynbala Mirələmovun yaradıcılığına həsr olunmuş monoqrafiyada da Nizami Cəfərovun ümumiyyətlə ədəbiyyat prinsiplərindən çıxış edərək, yaxud da tədqiqat obyektindən söz açaraq ifadə etdiyi kifayət qədər elmi-nəzəri müddəalar vardır. Məsələnin bu cəhəti Hüseynbala Mirələmovun yaradıcılığına geniş mənada ədəbi prosesin axarında baxmaq, ya da yekun qənaətləri ümumiləşdirmək məqsədi daşıyır. Əksər hallarda isə Nizami Cəfərov monoqrafiyada Hüseynbala Mirələmovun əsərlərini janrlar üzrə, həm də konkret əsərlər əsasında təhlil edib dəyərləndirmişdir. Bədii mətnin daxilinə nüfuz etmək, ideya-məzmununu meydana çıxaran strukturu açmaq, obrazlar aləminin özünəməxsusluqlarını aydınlaşdırmaq istiqamətində aparılan tədqiqatlar Hüseynbala Mirələmovun yaradıcılıq təkamülünün reallıqlarını izləməyə və inkişafın səviyyəsini müəyyən etməyə əsas verir. Aparılmış müqayisələrdən görünür ki, Hüseynbala Mirələmov bədii nəsrin povest janrında özünüifadəyə daha çox üstünlük vermişdir. Həqiqətən də yazıçının yaradıcılığında həyatın povest miqyasında qavranılması və təqdim edilməsi cəmiyyət həyatının seçilmiş həqiqətləri əsasında nisbətən yığcam halda, lakin dərin və əsaslı fikirlər irəli sürməyə şərait yaradır. Hüseynbala Mirələmovun indiyə qədər oxucuya çatdırılmış 10 povestində Azərbaycan cəmiyyətinin ən müxtəlif məqamlarına işıq salınmışdır.

Bu əsərlər bütövlükdə yaşadığımız epoxanın daxili gərginliklərini və mənəvi dərinliklərini tam halda özündə əhatə edir, oxucuya söz deyir. Görünür, Hüseynbala Mirələmov povest janrına daha çox sədaqətlidir. Onun “Coğrafiya çubuğu” (1982), “Həyat eşqi” (1995), “Təmizlənmə” (2002), “Tənha lalə” (2002), “Xəcalət” (2004), “Qumru yumurtaları”, “Gecə sürünən ilanlar” (2010) povestlərinin hər birində müasir cəmiyyətin meydana çıxardığı aktual bir problem, yeni yanaşma öz əksini tapmışdır.

Hüseynbala Mirələmovun bir sıra hekayəsində povest məzmunu ifadə olunmuşdur. Bundan başqa, onun “Gəlinlik paltarı”, “Qorxunc otaq” kimi romanları məzmunca bu janrın tələblərinə cavab verən əsərlər olsa da, forma etibarilə povestə yaxındır. Nizami Cəfərovun janrlar üzrə tədqiqatlarında həmin təkamül prosesləri və müəyyən olunmuş miqyas çərçivəsində ifadə olunmuş həyat materiallarının bədiiləşdirilməsi, bədii formanın məzmunla uyğunluğu kimi məsələləri diqqət mərkəzində saxlanılmışdır. Bütün bunlar Hüseynbala Mirələmovun yaradıcılıq yolunu tam qavramaq və bütün özünəməxsusluqları ilə təqdim etmək üçün “açar” funksiyasını yerinə yetirir. Nizami Cəfərov Hüseynbala Mirələmovun bədii yaradıcılığının nəinki açarını, necə deyərlər, qıfılını da tapmışdır. Təqdim olunan yanaşma tərzi Hüseynbala Mirələmovun yaradıcılığı haqqında obyektiv və ümumiləşdirilmiş elmi qənaətlərin formalaşdırılmasına uğurla xidmət edir. Bu isə öz növbəsində oxucunun da Hüseynbala Mirələmovun yaradıcılıq aləminə daha münasib şəkildə daxil olmasına, gəzişlər etməsinə, daha çox isə ifadə olunan mənanın, mətləbin qabarıq surətdə oxucunun diqqətinə çatdırılmasına şərait yaradır. Oxucuya göstəriş vermək fikrindən uzaq olan Nizami Cəfərov daha çox bələdçilik etmək üçün mümkün olan qədər elmi cəhətdən izahlı aydınlaşdırmalar aparmaqdır. Beləliklə, Hüseynbala Mirələmovun yaradıcılığındakı əsərdən-əsərə inkişaf edən və sistem şəklində formalaşan özünəməxsusluqlar elmi cəhətdən müəyyən olunub ümumiləşdirilmişdir.

Yaradıcılıq idealların örnək kimi qəbul etdiyi Cəfər Cabbarlı və Çingiz Aytmatov Hüseynbala Mirələmov üçün ilk növbədə böyük ədəbiyyat məktəbidir. Yazıçının həmin ədəbi məktəblərin ənənələrindən yaradıcı şəkildə bəhrələndiyi müşahidə olunur. Geniş mənada isə Cəfər Cabbarlı da, Çingiz Aytmatov da Hüseynbala Mirələmov üçün sənət idealıdırlar. Nizami Cəfərov da haqlı olaraq yazır ki, yüksək sənət meyarlarının olması yazıçının özünü də böyük ideallar uğrunda mübarizəyə istiqamətləndirir. Hüseynbala Mirələmova sənət idealının əsasında Azərbaycan insanının mənəvi zənginliyini uca tutmaq, onun inkişafına, “təmizlənməsinə” müsbət mənada daim bədii söz vasitəsilə təsir göstərmək, ictimai mühitin daha da sağlamlaşmasına işıq salmaq əsas yer tutur. Hüseynbala Mirələmov bu böyük ideallara sədaqətini bütün hekayə və povestlərində, romanlarında, təsdiqləyir, nəhayət, “Sonuncu fateh” tarixi romanı təkcə xalq hakimiyyəti ideyasını yox, həm də milli birlik idealını ifadə etdiyi üçün əhəmiyyətlidir. Nizami Cəfərovun “Sonuncu fateh” haqqında yazdıqlarında da tarixi romanın fəlsəfəsi və müasirliyi elmi şəkildə açılmışdır.

Azərbaycan ədəbiyyatında JZL janrının, “Görkəmli adamların həyatı” seriyasından olan əsərlərin özünəməxsus ənənəsi olsa da, Hüseynbala Mirələmovun bu janrda yazdığı qiymətli əsərlərin xüsusi yeri var. Yazıçının görkəmli dövlət xadimi Heydər Əliyevə həsr etdiyi JZL mahiyyəti və səviyyəsi etibarilə mükəmməl bir tarixi roman təsiri bağışlayır. Bu əsərin artıq dünyanın bir çox xalqların dillərində nəşri, böyük maraqla qarşılanması Hüseynbala Mirələmovun JZL-çilikdəki professionallığından söz açılmasına imkan yaradır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə həsr olunmuş JZL-də də tarixilik və müasirliyin vəhdətdə qələmə alınması əsasında yeni Azərbaycanın ümumiləşmiş bədii mənzərəsi canlandırılmışdır. Görkəmli alim və ictimai xadim, məşhur göz həkimi Zərifə Əliyevadan bəhs edən JZL-də isə həyat hadisələrinin, ictimai motivlərin dramatizmi ilə lirizmin növbələşməsinə diqqət yetirməklə yazıçı eyni janrda və yaxın mövzuda yeni və əhəmiyyətli bir əsərin yaradılmasına nail ola bilmişdir.

Nizami Cəfərovun Hüseynbala Mirələmovun ədəbi fəaliyyəti barədə bu qeydləri hesab edirəm ki, yazıçının yaradıcı missiyasının dolğun ifadəsidir: “Hüseynbala Mirələmov yaradıcılığı, ədəbi tərcümeyi-halı ilə Azərbaycan ədəbiyyatına, ümumən mədəniyyətinə kifayət qədər böyük nüfuz gətirən, hörmət gətirən mütəfəkkir yazıçıdır... Hüseynbala Mirələmov yaradıcılığında müasir olduğu qədər də məsuliyyətli, məsuliyyətli olduğu qədər humanist sənətkardır. O, ən “mənfi” qəhrəmanının belə təbiətindəki insani keyfiyyətləri görür, qiymətləndirir, “qətran qaranlığı”ndakı kiçik bir işıq cücərtisinin parlamasına, yatmış vicdanın oyanmasına, solmaqda olan hisslərin çiçəklənməsinə elə ehtirasla çalışır ki, bunu ancaq böyük ürək sahibləri edə bilər”.

Bütövlükdə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərovun “Hüseynbala Mirələmovun yaradıcılığı, yaxud ədəbi tərcümeyi-halı” monoqrafiyası mükəmməl və ümumiləşmiş elmi əsər səviyyəsində meydana çıxmışdır. Bu kitab Hüseynbala Mirələmovun 1962-ci ildə Lənkəran rayon qəzetində çıxan “Bir parça çörək” adlı ilk hekayəsindən başlanan və yarım əsrdən artıqdır ki, davam etməkdə olan bədii yaradıcılığının təkamül prosesləri, bütöv mənzərəsi və yazıçının özünəməxsus sənət aləmi ətrafında geniş, aydın və ümumiləşmiş qənaətləri formalaşdıraraq çox suallara real olaraq cavab verir. Bu tədqiqat əsəri - monoqrafiya Azərbaycan ədəbiyyatının ayrı-ayrı faktları və hadisələrinə bir çox sanballı məqalələr və kitablar həsr etmiş Nizami Cəfərovun ədəbiyyatşünaslıq üzrə birinci geniş həcmli monoqrafiyası kimi də əhəmiyyətlidir.

İsa Həbibbəyli, akademik, AMEA-nın vitse-prezidenti

"Azərbaycan" qəzeti, 9 dekabr 2014-cü il

  • Paylaş: