Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Cəlil Məmmədquluzadə yaradıcılığında etnoqrafiya məsələləri tədqiq olunub
22.09.2020 15:52
  • A-
  • A
  • A+

Cəlil Məmmədquluzadə yaradıcılığında etnoqrafiya məsələləri tədqiq olunub

AMEA-nın Naxçıvan Bölməsində Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Etnoqrafiya şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanovanın “Cəlil Məmmədquluzadə yaradıcılığında etnoqrafiya məsələləri” adlı monoqrafiyasının təqdimatı keçirilib.

Tədbiri institutun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli açaraq bildirib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra elmin bütün sahələri üzrə ardıcıl və sistemli tədqiqatlar aparılır, elmi-tədqiqat işlərinin nəticələri respublika və beynəlxalq səviyyəli elmi nəşrlərdə işıq üzü görür. Alim rəhbərlik etdiyi institutun fəaliyyəti dövründə 80-ə yaxın kitab, monoqrafiya, dərslik və dərs vəsaitlərinin işıq üzü gördüyünü deyib. Vurğulanıb ki, “Cəlil Məmmədquluzadə yaradıcılığında etnoqrafiya məsələləri” adlı monoqrafiya da yüksək səviyyədə yazılmış və müasir dövr üçün aktuallığı ilə diqqəti cəlb edən tədqiqat əsəridir. Qeyd olunub ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq Cəlil Məmmədquluzadənin yaradıcılığının milli yönümdən hərtərəfli təhlil olunduğu vəsaitdə müəllif XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan xalqının real həyat tərzini özünəməxsus şəkildə əks etdirən görkəmli ədibin yaradıcılığında təsvir edilən ailə-məişət adətlərini, sənətkarlıq sahələrini, təsərrüfat həyatı məsələlərini etnoqrafik baxımından tədqiqata cəlb edib.

Sonra institutun Etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov “Cəlil Məmmədquluzadə yaradıcılığında etnoqrafiya məsələləri” monoqrafiyası haqqında bir neçə söz” mövzusunda məruzə ilə çıxış edib. O, Azərbaycan yazıçı və şairlərinin yaradıcılığındakı etnoqrafik məsələlərin tədqiqinin xalqımızın milli-mənəvi dəyərlərini, eləcə də tarixini öyrənmək baxımından önəmli olduğunu söyləyib. Qeyd edib ki, giriş, üç fəsil və nəticədən ibarət olan tədqiqat əsərində Cəlil Məmmədquluzadə yaradıcılığında geniş təsvir edilən mənəvi mədəniyyətimizin bir çox cəhətlərinin sistemləşdirilməsi və müqayisəli təhlili qədim adət-ənənələrimiz haqqında geniş məlumat verməyə imkan yaradır. Monoqrafiyada aparılan tədqiqatın nəticəsi olaraq göstərilib ki, Azərbaycan xalqının ailə-məişət ənənələri ictimai-iqtisadi formasiyaların bir-birini əvəz etməsindən asılı olaraq dəyişib inkişaf etsə də, XIX əsrin sonu-XX əsrin əvvəlləri ilə yeni dövrün ailə-məişət xüsusiyyətləri arasında varislik ənənələri qorunub saxlanılıb və müəyyən edilib ki, xalqımız üçün xarakterik olan adət-ənənələr və inamların yayılma arealı Azərbaycanın digər bölgələri ilə eynilik təşkil edir.

Daha sonra institutun Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyeva və kiçik elmi işçi Səbuhi Həsənov mövzu ətrafında çıxış edərək əsərin elmi dəyərindən danışıblar.

Sonda müəllif tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: