Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycan şərqşünaslıq elminin korifeyi
22.09.2020 10:50
  • A-
  • A
  • A+

Azərbaycan şərqşünaslıq elminin korifeyi

Görkəmli alim, professor Aida İmanquliyeva Azərbaycan şərqşünaslıq elminin beynəlxalq aləmdə tanınmasında misilsiz xidmətləri ilə yadda qalmışdır. Onun adı şərqşünaslıq, eləcə də qərbşünaslıq problemlərini Şərq-Qərb münasibətləri kontekstində tədqiqata cəlb edən, şərqşünaslığımızda yeni elmi təhlil istiqamətini müəyyənləşdirən, bu sahədə ilk dəfə müqayisəli metodun tətbiqi ilə tədqiqatların effektivliyini artıran, ümumilikdə yeni şərqşünaslıq məktəbinin əsasını qoyan alim kimi elm tariximizə qızıl hərflərlə yazılmışdır.

Aida xanım ölkəmizdə ərəbşünaslıq üzrə ilk qadın elmlər doktoru, professor kimi ixtisaslı kadrların hazırlanmasında böyük xidmətlər göstərmişdir. Professor gərgin əmək, zəngin bilik, istedad və təcrübə hesabına yazdığı "Yeni ərəb ədəbiyyatının korifeyləri”, "Ərəb-rus mədəni və ədəbi əlaqələrinin mənbələri”, "Rus ədəbi tənqidi fikri və M.Nüaymənin yaradıcılığı”, "Əmin ər-Reyhaninin yaradıcılığında təbiət”, "ər-Reyhaninin "Hərəmxananın xaricində” povestində və kiçik nəsr əsərlərində romantizm”, "Qələmlər cəmiyyəti” üzvlərinin yaradıcılığında yeni təmayüllər haqqında”, "Qələmlər cəmiyyəti” və Mixail Nüaymə”, "Cübran Xəlil Cübran”, "İspaniyada ərəb ədəbiyyatının yaranması və inkişafı tarixinə dair” və digər monoqrafiya və məqalələri Azərbaycan ərəbşünaslıq elminin inkişafında mühüm rol oynamışdır. O, ərəb mühacirət ədəbiyyatı ilə yanaşı, Azərbaycan-ərəb, rus-ərəb və Qərb-ərəb ədəbi əlaqələri haqqında sanballı elmi əsərlər yazmış, nüfuzlu beynəlxalq konfranslarda elmi ictimaiyyətin diqqətini cəlb edən məruzələrlə çıxış etmiş, xarici ölkələrdə Azərbaycan şərqşünaslıq elmini ləyaqətlə təmsil etmiş, Ümumittifaq Şərqşünaslıq Cəmiyyəti Rəyasət Heyətinin və Şərq Ədəbiyyatının Tədqiqi üzrə Ümumittifaq Əlaqələndirmə Şurasının üzvü olmuşdur.

Aida xanım ərəb ədəbiyyatı nümunələrinin Azərbaycan dilinə tərcüməsi sahəsində də qələmini sınamışdır. Mixail Nüaymə, Süheyl İdris, Sahib Camal, Məhəmməd Dib, Macid Zeyyib Qənəma və digər yazıçılardan etdiyi tərcümələr onun Azərbaycan və ərəb dillərinin incəliklərinə bələdçiliyindən, yüksək bədii zövqə sahib olmasından və peşəkar tərcüməçilik qabiliyyətindən xəbər verir. Bununla belə, Aida xanım, ilk növbədə, şərqşünaslıq elmimizin korifeyi kimi diqqəti cəlb edir.

Professor Aida İmanquliyevanın şərqşünas kimi fəaliyyətinin mərkəzində hər şeydən əvvəl problemə müqayisəli, elmi-fəlsəfi və tarixi-tipoloji baxış dayanır. Bu cür baxış və yanaşmanın nəticəsində Azərbaycan şərqşünaslıq elmi beynəlxalq arenaya çıxmış və bir sıra vacib problemlərin həllinə nail olmuşdur.

Qeyd etmək lazımdır ki, professorun xidmətləri sayəsində şərqşünaslığımız ədəbiyyat tarixçiliyi sərhədlərini aşaraq daha qlobal, daha vacib problemlərin araşdırılmasına istiqamətlənə bilmişdir. Aida xanımın bu təşəbbüsü, bir tərəfdən, birbaşa olaraq Azərbaycan şərqşünaslıq elmində ilk dəfə nəzəri-estetik baxımdan ərəb-rus, ərəb-Qərb tədqiqat istiqamətlərini meydana gətirmiş, digər tərəfdən isə aparılan araşdırmalar ərəb-rus, ərəb-Qərb ədəbiyyatlarının, geniş mənada mədəniyyətlərinin müqayisəli, həm də fundamental şəkildə öyrənilməsini təmin etmişdir. Aida İmanquliyeva "Qərb üçün şərqşünas, Şərq üçün qərbşünas alim” (S.Xəlilov) statusunda ərəbşünaslığın ədəbi-bədii dəyərlərini Şərq-Qərb estetik-fəlsəfi meyar və baxışları müstəvisində araşdırmaqla şərqşünaslığımız üçün yeni nəzəri təhlil və tədqiqat sistemi yaratmışdır. Məlum olduğu kimi, ərəbşünaslıq sahəsində əvvəlki tədqiqatlarda Qərbin Şərqə təsiri məsələlərinə daha çox önəm verilirdi. Lakin professor Aida İmanquliyeva ilk dəfə olaraq elmi məsələlərə Şərq-Qərb problemləri kontekstində aydınlıq gətirərkən Qərb dəyərlərini obyektiv qiymətləndirir, ədəbi-bədii, mədəni-mənəvi təsir məsələlərindən danışarkən birtərəfli təsirə yox, qarşılıqlı təsirə xüsusi önəm verirdi. Bu cəhət alimi, bir tərəfdən, ərəbşünaslıqda fundamental araşdırmalar və nəzəri mülahizələr müəllifi kimi səciyyələndirir, digər tərəfdən isə Azərbaycan şərqşünaslığında, geniş mənada Azərbaycan elm tarixində onun milli ruha bağlı vətəndaş-alim mövqeyini nümayiş etdirirdi. Çünki professor Aida İmanquliyeva Avropa dəyərlərini nə qədər yüksək qiymətləndirsə də, ənənə prinsipləri daxilində insan və cəmiyyətlə bağlı bir çox məsələlərin təməlində Şərq mahiyyətinin dayandığını yaxşı dərk edir, təbii olaraq bu məsələnin üstündən sükutla keçməyi qeyri-mümkün sayırdı. Bildiyimiz kimi, tarixin sonrakı inkişaf dövrlərində formalaşmış Qərb mədəniyyət qütbü bir sistem kimi təsdiqini tapsa da, özünün mahiyyətindəki Şərq ilkinliyini, Şərq ruhunu, bütövdən (Şərqdən) ayrılma əlamətlərini gizlədə bilməmişdir. Balzak, Göte, Volter, Bayron, Russo, Monteskyö, Tolstoy, Puşkin, Yesenin və başqa Qərb mədəniyyət və mənəviyyat nəhənglərinin yaradıcılığında (geniş mənada Qərb mədəniyyətində) gizlənən Şərq sevgi elementləri əslində gözlə görünə bilməyən, lakin hiss olunan, ruhla duyulan Şərq ilkinliyinin təsiri və hansı formadasa özünütəsdiqidir. Bu mənada professor Aida İmanquliyeva yeni ərəb ədəbiyyatının tanınmış simalarından olan Əmin ər-Reyhani, Cübran Xəlil Cübran, Mixail Nüaymə və İlya Əbu Madinin, eləcə də İspaniyada ərəb ədəbiyyatını formalaşdırmış bir çox sənətkarın yaradıcılığından danışarkən problemi Qərb-Şərq dəyərləri baxımından təhlilə cəlb etsə də, "tarixin başlanğıcına təkan verən Şərq” (Hegel) ənənəviliyinin yeni dövr dünya mədəniyyətində yerini, rolunu və əhəmiyyətini xüsusi qiymətləndirirdi. Görkəmli şərqşünas alim bütün bunlarla yanaşı, XIX əsrdən başlayaraq Qərb həyat tərzi və mədəniyyətinin Şərqə təsiri və nüfuzunu konkret tarixi şəraitə uyğun izah edirdi. Professor bu məsələdə, ilk növbədə, diqqəti Amerika və Avropa ədəbiyyatı nümunələrinin ərəb dilinə tərcümə olunmasına və mütərəqqi ərəb yazarlarının həmin regionlara mühacirət etməsinə yönəldirdi. Alim ərəb mühacirət ədəbiyyatı problemlərinə dair tədqiqatlarında haqlı olaraq Qərbə mühacirətin kökündə siyasi amillərlə yanaşı, mədəni amillərin təsirini xüsusi vurğulayırdı: "Avropa ədəbiyyatının ərəb dilinə tərcüməsi Qərb həyat tərzinin təbliğini və Qərbə mühacirət ideyasının cazibəsini qüvvətləndirirdi”.

Alim Cübran Xəlil Cübran, Əmin ər-Reyhani, Mixail Nüaymə və digər sənətkarların yaradıcılığında tarixi-ədəbi, fəlsəfi və ictimai xarakterli mövzuların üstünlük təşkil etməsini ədəbiyyatın yeni tarixi dövrə keçidi kimi səciyyələndirərkən təhlilini, ilk növbədə, müasir Avropa (geniş mənada Qərb) mədəniyyəti və ədəbiyyatının standartları çərçivəsində aparırdı. Lakin bu halda da şərqşünas alimin yeri gəldikcə ərəb modernist ədəbiyyatında milli-ənənəvi xüsusiyyətləri diqqətdən kənarda saxlamaması bu ədəbiyyatın Şərq ruhunun sonrakı ədəbi prosesdə mühafizə olunduğunu təsdiqləyir, onun yeri və rolu barədə fikir formalaşmasına xidmət edir.

Professor Qərbə mühacirət etdikdən sonra "Qələmlər cəmiyyəti”ndə toplaşmış modernist ərəb yazıçılarının klassikaya və müasirliyə münasibətini düzgün qiymətləndirir, onların yaradıcılığı üçün səciyyəvi olan yeni çalarları üzə çıxarır, Hegel fəlsəfəsinə uyğun olaraq bədii yaradıcılığa estetik predmet kimi baxırdı: "Əlbəttə, "Qələmlər cəmiyyəti”nin üzvləri klassik ədəbiyyatı öyrənir, əhəmiyyətini dərk edir, onun ayrı-ayrı nümayəndələrinin yaradıcılığını yüksək qiymətləndirirdilər. Onlar etiraf edirdilər ki, onların əsərləri bir çoxları üçün daim ilham mənbəyi olaraq qalacaqdır. Bununla yanaşı, mühacir yazıçılar ədəbiyyatda yeni orijinal yollar axtarırdılar. Vətəndə müraciət etdikləri böyük həcmli formalar burada tez-tez dəyişən, şəraitə cavab verə bilən, aktuallığı ilə fərqlənən və qəzetlər üçün daha çox əlverişli olan kiçik novellalarla, məqalələrlə, şeir parçaları ilə əvəz olunurdu”. Professor Aida İmanquliyeva mühacir ərəb yazıçıları Cübran Xəlil Cübran, Mixail Nüaymə, Əmin ər-Reyhani və başqalarının irsindən danışarkən onların yaradıcılığında Qərb mövzuları ilə yanaşı, ənənəvi Şərq mövzularının da yer aldığını qeyd edir. O, bu məntiqinin davamı olaraq Mixail Nüaymənin novellalarında ənənəvi Şərq nağıl motivlərinin, Əmin ər-Reyhani və Cübran Xəlil Cübranın şeirlərində Şərq aforizmlərinin yer almasını yeni modernist ərəb ədəbiyyatında özünü mühafizə edə bilmiş Şərq ənənəsinin elementləri kimi təqdim edir: "Mövzuları çox rəngarəng olan bu əsərlərin əsas ideyası ədalətin, məhəbbətin və gözəlliyin kəşfidir. Məsələn, Cübran hansı mövzuya toxunursa-toxunsun, onun ədalətsizliyə qarşı üsyankar ruhu, xeyirxahlığa və gözəlliyə rəğbəti hər bir əsərdə açıq-aydın hiss olunur”.

Professor Aida İmanquliyevanın yeni dövr ərəb ədəbiyyatının janr və metod problemləri ilə bağlı araşdırmaları onun ərəbşünaslığa verdiyi böyük töhfədir. Alim fakt və nəzəri mülahizələr əsasında "Qələmlər cəmiyyəti”nin ilk dəfə olaraq ərəb ədəbiyyatına yeni bədii metod - tənqidi realizm metodu gətirdiklərini qeyd edir və bundan sonrakı mərhələdə ərəb ədəbiyyatının keçdiyi yolun elmi-nəzəri təhlilini verir. Bu məqamda Aida xanım rus və Qərb ədəbiyyatlarının görkəmli nümayəndələrindən Puşkin, Turgenev, Dostoyevski, Çexov, Tolstoy, Korolenko, Uilyam Bleyk, Ralf Emerson, Uolt Uitmen və başqalarının simasında ərəb ədəbiyyatına təsirin forma və məzmun xüsusiyyətlərindən geniş bəhs edir. Biz burada təsirin ümumi mənzərəsi ilə yox, Şərq və Qərb ədəbiyyatları fonunda ədəbiyyatdaxili proseslərin elmi mahiyyəti ilə tanış oluruq. Professor Səlahəddin Xəlilov haqlı olaraq qeyd edir ki, "Aida xanım İmanquliyevanın ədəbi proseslər haqqında tədqiqatı empirik səviyyə ilə məhdudlaşmayaraq nəzəri-konseptual dərinliklərə endiyindən burada ədəbi-bədii məsələlər fəlsəfi məzmun kəsb edir”. Təbii olaraq professor Aida İmanquliyevanın yeni metod daxilində ərəb ədəbiyyatında formalaşan yeni janrlara münasibəti də kifayət qədər konseptualdır. Şərqşünas alimin yeni ərəb ədəbiyyatında Əmin ər-Reyhani, Mixail Nüaymə, Cübran Xəlil Cübran və digər sənətkarlar sayəsində vətəndaşlıq hüququ qazanmış mənsur şeir, novella, hekayə, tarixi roman kimi ədəbi janrların poetik xüsusiyyətləri, bu janrların yeni ərəb ədəbiyyatının rəngarəng çalarlar qazanmasına təsiri barədə fikirləri yeni ərəb ədəbiyyatının daxili inkişaf mənzərəsi ilə yanaşı, onun Qərb-Şərq bağlılığı məsələlərinə xeyli aydınlıq gətirir.

Tədqiqatçı qeyd edirdi ki, mənsur şeir mühacir ədiblərin ən çox sevdikləri janrlardan idi: "XIX-XX əsrlərin qovuşduğu dövrdə ərəb ədəbiyyatında tarixi roman janrı necə tipik, sonralar hekayə-novella Misir modernistləri üçün necə xarakterik idisə, mənsur şeir də mühacir ərəb ədibləri üçün eləcə səciyyəvi idi”. Alim bu fikri irəli sürməklə, bir tərəfdən, vahid mədəniyyət hadisəsi tipində Qərb-Şərq ədəbi təsir və əlaqələrini ortaya çıxarır, digər tərəfdən isə, akademik Kraçkovski məktəbinin nəzəri mülahizələrini genişləndirir.

Professor Aida İmanquliyevanın elmi irsi Qərb-Şərq ədəbi düşüncə və əlaqələrinin öyrənilməsində, ərəb mühacirət ədəbiyyatına dair konseptual məsələlərə aydınlıq gətirilməsində, ümumən şərqşünaslıq problemlərinin araşdırılmasında fundamental mənbə olacaq, gələcəkdə də aktuallığını itirməyəcəkdir.

Elman QULİYEV, filologiya üzrə elmlər doktoru, professor

"Azərbaycan" qəzeti

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: