Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

08.12.2014 00:00
  • A-
  • A
  • A+

Şamaxıda aşıq Ağamurad Şirvanlının 50 illik yubileyi qeyd edilib

Şamaxıda aşıq Ağamurad Şirvanlının 50 illik yubileyi qeyd edilib

Şamaxı rayon Mədəniyyət Mərkəzində Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, Əməkdar Mədəniyyət İşçisi, Şirvan Aşıqlar Birliyinin sədri, aşıq Ağamurad Şirvanlının 50 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Şamaxı rayon İcra Hakimiyyəti, Azərbaycan Aşıqlar Birliyi və AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə muzeyin Aran Regional şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı açıb. Şirvanın aşıq, saz-söz sənətindən, bu sənətin özünəməxsus xüsusiyyətlərindən söz açan Y.Bahadurqızı bu məktəbin tarixi ənənələrini qoruyub yaşadan və davam etdirən, Qorqud irsinin davamçısı Aşıq Ağamurad Şirvanlının yaradıcılığı haqqında ətraflı məlumat verib.

Tədbir çərçivəsində, həmçinin aşığın sənət fəaliyyətini əks etdirən foto-slayd nümayiş etdirilib.

Sonra Şamaxı rayon İcra Hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova qurumun Fəxri fərmanını Aşıq Ağamurada təqdim edib.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Ərəstun Cavadov, Azərbaycan Aşıqlar Birliyinin sədri, Xalq şairi Zəlimxan Yaqub, akademik Vasim Məmmədəliyev, professorlar Məhərrəm Qasımlı, Qəzənfər Paşayev, Buludxan Xəlilov, Seyfəddin Qəniyev və filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədli aşıq Ağamurad Şirvanlının şəxsiyyəti və yaradıcılığının özəlliyindən danışıblar.

Tədbirin bədii hissəsində Xalq artistləri Alim Qasımov, Zabit Nəbizadə, Əməkdar artist Bəsdi Sevdiyeva, Əməkdar mədəniyyət işçiləri aşıqlar Ulduz Sönməz, Əhliman Şirvanlı, Gülara Azaflı, I Respublika muğam müsabiqəsinin laureatı Abgül Mirzəliyev, II Respublika və Beynəlxalq muğam müsabiqələrinin qalibi Mirələm Mirələmov, xanəndə Elnarə Abdullayeva, ustad aşıqlar Yanvar Bədəlov, aşıq Həşim Qubalı, Abbas Musaxanoğlu, Əvəzxan Xankişiyev, xanəndə Elbrus Niftəliyev, “Rasimlər” aşıq qrupu möhtəşəm ifaları ilə məclisə rövnəq veriblər.

Sonda çıxış edən aşıq Ağamurad Şirvanlı sənətinə göstərilən diqqətə görə tədbirin təşkilatçıları və iştirakçılara minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: