www.science.az
17.09.2020 11:50

Naxçıvan Bölməsində elmi-praktik seminar keçirilib

AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunda “Naxçıvan Muxtar Respublika ərazisində yayılan Söyüdyarpaq armud növünün bioekoloji xüsusiyyətləri və fitokimyəvi tərkibi” mövzusunda elmi-praktik seminar keçirilib.

Tədbirdə institutun Biokimyəvi tədqiqatlar laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Surə Rəhimova çıxış edərək Naxçıvan Muxtar Respublikasının florasında yayılan bitkilərlə bağlı məlumat verib. Bildirib ki, zəngin fitokimyəvi tərkibə malik olan bitkilərin öyrənilməsi mühüm əhəmiyyət kəs edir. O, bir çox təbii birləşmələrin əvəzedilməz xassələrə malik olduğunu və bunlara xalq təsərrüfatının müxtəlif sahələrində, o cümlədən, tibb, əczaçılıq və yeyinti sənayesində kəskin ehtiyac duyulduğunu deyib. Vurğulayıb ki, muxtar respublika tükənməz ehtiyata, çox müxtəlif növ tərkibinə malik olan, bitki florası təbii bioloji fəal maddələrin mənbəyidir. Diqqətə çatdırılıb ki, meyvə ağacları içərisində almadan sonra ən geniş yayılanı armuddur. Armud meyvələrində çoxlu şəkər, karbohidrogen və vitaminlər var.

Qeyd olunub ki, ilk dəfə biologiya üzrə fəlsəfə doktoru Ənvər İbrahimov tərəfindən muxtar respublika ərazisində yabanı armudun 14 növünün və 3 variasiyasının yayıldığı müəyyənləşdirilib. Tədqiqatçı tərəfindən muxtar respublika florası üçün Söyüdyarpaq armudun yayılma zonaları dəqiqləşib və ehtiyatı öyrənilib.

Bildirilib ki, sözügedən armud növünə muxtar respublikanın quru dağ ətəklərində, daşlı-qayalı yamaclarda, çayların yatağında, düzənliklərdə, əkin tarlalarının kənarlarında tək-tək və qrup şəklində rast gəlinir. Şaxtaya istiyə dözümlü, quraqlığa davamlıdır.

Surə Rəhimova respublikamızda daha geniş yayılan Söyüdyarpaq armuddan kompot, cem, şirə, armud qurusu, şərab, bəkməz və s. məmulatların hazırlandığını və bunların da insan orqanizmində, xüsusilə müxtəlif xəstəliklərə qarşı müalicəvi əhəmiyyəti olduğunu söyləyib.

Daha sonra mövzu ətrafında institutun elmi katibi, biologiya üzrə fəlsəfə doktoru Ənvər İbrahimov və Bitki sistematikası şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru dosent Namiq Abbasov çıxış ediblər.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.