Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

09.09.2020 09:55
  • A-
  • A
  • A+

Şirvanşahların sonuncu iqamətgahı Buğurt qalasında arxeoloji tədqiqat işləri aparılır

Şirvanşahların sonuncu iqamətgahı Buğurt qalasında arxeoloji tədqiqat işləri aparılır

2020-ci ilin avqust ayında AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Numizmatika və epiqrafika şöbəsinin müdiri, t.ü.f.d. Akif Quliyevin rəhbərliyi altında Şamaxı arxeoloji ekspedisiyası Qaladərəsi kəndi yaxınlığında yerləşən, Şirvan hakimlərinin sonuncu iqamətgahı olan əfsanəvi Buğurt qalasında arxeoloji tədqiqat işlərinə başlayıb.

Buğurt qalası Şamaxı şəhərindən 20 km şimal-qərbdə, hər tərəfi meşə ilə örtülü olan hündür bir dağın zirvəsində yerləşir. Strateji əhəmiyyətinə görə əlverişli mövqeyə malik qalanı ən yaxın məsafədən belə görmək mümkün deyil. Qalanın ətrafında Qaladərəsi, Keçmədin və Qaleybuğurt kəndləri yerləşir. Qalaya gedən əsas yollar Qaladərəsi kəndindən keçir. Buğurt qalasından şərqdə, sıldırım qayalıqlarda Qız qalası adlanan kiçik qəsr də mövcuddur.

Qalanın tikilmə tarixi ilə bağlı dəqiq məlumatlar yoxdur. Aparılacaq arxeoloji tədqiqatlar bu məsələyə aydınlıq gətirəcək.

Akif Quliyevin fikrincə, bu, adi qala deyil, geniş infrastruktura malik orta əsr qala-şəhəridir. Qalada mükəmməl su-kanalizasiya sistemi, relyefə uyğun çoxsaylı yaşayış binaları, inzibati binalar, saraylar, məscidlər, su anbarları, hamamlar mövcud olmuşdur. Qala divarları iri qaya və çay daşlarından inşa edilib. İkiqat qala divarlarının arası ilə mühafizəçilərin sərbəst gəzməsi üçün pillələr salınmışdır. Qala divarlarının üzəri gümbəzvari formada hörülüb. Bu da, düşmən tərəfindən mühafizəçilərin hərəkətini izləməyə imkan vermirdi.

Arxeoloqun sözlərinə görə, qalanın ümumi sahəsi 17 ha-dır. Təqribi hesablamalara görə, qala-şəhər kompleksinə daxil ərazidə 30 minə yaxın əhali yaşayıb. Əhaliyə məxsus yaşayış evləri qalanın əsasən aşağı hissəsində yerləşirdi.

Qeyd edək ki, Buğurt qalası 1538-ci ildə Səfəvi şahı I Təhmasib tərəfindən alınaraq dağıdılmış, sonuncu Şirvanşah Şahrux əsir alınaraq öldürülmüşdür. Bununla da minillik Şirvanşahlar dövlətinin varlığına son qoyulmuşdur. Qalanın tədqiqinə ötən əsrin 70-ci illərində arxeoloq Hüseyn Ciddi tərəfindən başlanılmışdı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: