Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Elmi şuranın iclası keçirilib
08.09.2020 15:21
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Elmi şuranın iclası keçirilib

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Elmi şuranın onlayn iclası keçirilib.

İclası AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Dilqəm Tağıyev açaraq bildirib ki, COVID-19 virusunun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə Prezident İlham Əliyevin tapşırığına əsasən bütün zəruri  tədbirlər görülmüş, ölkə ərazisində sosial izolyasiya qaydaları tətbiq olunmuş, xüsusi karantin rejimi elan edilmiş və yumşalmalara başlanılmışdır. İnstitutun öz fəaliyyətini Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq qurduğunu vurğulayan akademik D.Tağıyev qurumun iş və laboratoriya otaqlarının mütəmadi olaraq dezinfeksiya olunduğunu və işə çıxan əməkdaşların qoruyucu maska, spirt və digər qoruyucu vasitələrlə təmin olunduğunu qeyd edib.

Daha sonra gündəlikdə duran məsələlərə baxılıb. Geniş müzakirələrdən sonra institutun bir laboratoriyası ləğv olunub, üç laboratoriyaya isə rəhbər təyin olunub.

İclasda, həmçinin cari ildə institutun magistraturasına 4 ixtisaslaşma üzrə yüksək balla qəbul olunmuş 7 bakalavrın elmi işlərinin mövzuları və elmi rəhbərlərinin təsdiqi məsələsi müzakirə olunub. Magistrlərin elmi rəhbərləri və elmi işləri təklif olunan dəyişikliklər nəzərə alınmaqla təsdiq olunub.

Onlayn tədbirdə Azərbaycan SSR Əməkdar elm xadimi, akademik Həbib Şahtaxtinskinin 120 illik yubileyinin AMEA Rəyasət Heyətinin qərarına əsasən sentyabr ayının 10-da keçiriləcəyi bildirilib.

Sonra institutun Elmi şurasının tərkibində qismən dəyişiklik edilməsi haqqında qərar qəbul edilib.

Sonda akademik D.Tağıyev vurğulayıb ki, institutun inzibati binasında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi şəkildə əməl olunması təmin edilməli, işçilər arasında sosial məsafənin saxlanılması və qoruyucu maskalardan istifadə edilməsinə riayət olunmalıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: