Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Naftalan şəhəri ərazisində çoxtəbəqəli yaşayış yeri aşkarlanıb
07.09.2020 11:07
  • A-
  • A
  • A+

Naftalan şəhəri ərazisində çoxtəbəqəli yaşayış yeri aşkarlanıb

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynovun rəhbərlik etdiyi Naftalan-Goranboy arxeoloji ekspedisiyası tərəfindən aparılan arxeoloji qazıntılar zamanı Naftalan şəhəri Qaşaltı-Qaraqoyunlu kəndi ərazisində çoxtəbəqəli yaşayış yeri aşkar edilib.

Yaşayış yerinin yerləşdiyi təpənin ümumi sahəsi 5 hektara yaxın, hündürlüyü isə 10 metrdən artıqdır. Yaşayış yeri təpənin, demək olar ki, bütün ərazisini əhatə edib. Abidənin əsas təbəqəsi Eneolit dövrünə aiddir. Bu dövrə aid mədəni təbəqənin qalınlığı 2 metrdən artıqdır. Eneolit dövrünə aid təbəqədən V minilliyə aid düzbucaqlı və dairəvi quruluşda çiy kərpicdən tikinti qalığı, qazma evlər, saxsı qab fraqmentləri və daş əmək alətləri aşkar edilib.

M.Hüseynov bildirib ki, yaşayış yerinin üzərində Son Tunc - İlk Dəmir dövründə torpaq qəbirlərin, Antik dövrdə isə küp qəbirlərin yerləşdirildiyinin şahidi oluruq. Abidənin mərkəzi və şimal qərb hissəsində eneolit təbəqəsinin üzərində, orta əsrlərdə məskunlaşma olub. Orta əsrlər dövrünə aid mədəni təbəqədən tikili qalıqlarına, dulus kürəsinə, ocaq yerlərinə, təndirlərə, təsərrüfat quyularına, üzəri şirli və sadə üsulla hazırlanmış zəngin saxsı məmulatına rast gəlinib. 

Məlum olduğu kimi, Naftalan şəhəri dünyada müalicəvi nefti ilə məşhur kurort şəhəridir. Bu da arxeoloji turizmin inkişafı üçün geniş imkanlar yaradır. Arxeoloji qazıntılar Naftalanın qədim yaşayış məskənlərindən biri olduğunu təsdiqləyir. Naftalan şəhəri təkcə təbii sərvəti ilə deyil, həm də arxeoloji abidələri ilə diqqəti cəlb edir. Burada arxeoloji tədqiqatların aparılması abidələrimizin təbliği baxımından əhəmiyyətlidir.

Yaşayış yerində arxeoloji tədqiqatlar davam edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: