Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Azərbaycan alimlərinin birgə tədqiqatı onlayn beynəlxalq konfransda təqdim olunub
07.09.2020 09:54
  • A-
  • A
  • A+

Azərbaycan alimlərinin birgə tədqiqatı onlayn beynəlxalq konfransda təqdim olunub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə Bakıda Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma 7-ci beynəlxalq konfransı (COIA-2020) onlayn formada keçirilib.

Virtual konfransın keçirilməsində əsas məqsəd alim və tədqiqatçılar, eləcə də tələbələrlə birgə fikir mübadiləsinin aparılması, əldə olunan nəticələrin müzakirə edilməsi üçün sənaye mütəxəssisləri ilə görüşün baş tutacağı vahid platformanın yaradılması olub.

Konfransda İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev, şöbə müdirləri - Şakir Mehdiyev və Təhmasib Fətəliyevin həmmüəllifi olduqları “Neft və qaz kompleksinin Sənaye 4.0 həlləri əsasında qurulmasının konseptual məsələləri” adlı məruzə təqdim edilib.

Həmçinin institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Məsumə Məmmədova və baş elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılovanın müəllifi olduqları “Dəniz neft-qaz sənayesində personalın sağlamlığının idarə olunmasına IoT texnologiyaları əsasında konseptual yanaşma” və institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov və böyük elmi işçi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimovun həmmüəllifliyi ilə hazırlanan “Scada sistemlərinin cloud computing mühitində təhlükəsizlik məsələləri” adlı məruzələr dinlənilib.

Qeyd edək ki, konfransın saytında dünyanın müxtəlif ölkələrindən 476 alim və tədqiqatçı qeydiyyatdan keçib. Redaksiyaya 300-ə qədər məqalə daxil olub, rəy prosesindən sonra 256 məqalə konfransın materiallarında dərc olunub. İştirakçılar Azərbaycan, Türkiyə, Ukrayna, Rusiya, İran, Hindistan, Şimali Kipr Türk Cümhuriyyəti, Meksika, Qazaxıstan, Qırğızıstan, Almaniya, Özbəkistan, İtaliya və Küveyti təmsil ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: