Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Naxçıvandan başlanan xilaskarlıq yolu” mövzusunda onlayn elmi konfrans keçirilib
03.09.2020 17:26
  • A-
  • A
  • A+

“Naxçıvandan başlanan xilaskarlıq yolu” mövzusunda onlayn elmi konfrans keçirilib

AMEA-nın Naxçıvan Bölməsində görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin Sədri seçilməsinin 29-cu ildönümü ilə bağlı “Naxçıvandan başlanan xilaskarlıq yolu” mövzusunda onlayn elmi konfrans keçirilib.

Tədbiri giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq milli dövlətçilik ənənələrimizin dirçəldilməsinin ulu öndər, qüdrətli dövlət xadimi Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrünə təsadüf etdiyini deyib. Bildirib ki, 1991-ci il sentyabrın 3-də Naxçıvan MR Ali Məclisinin fövqəladə sessiyasında xalqın təkidli tələbi ilə Ali Məclisinin sədri seçilən Heydər Əliyevin siyasi fəaliyyətinin yeni mərhələsi başlanıb. Alim vurğulayıb ki, ölkə tarixində özünəməxsus yeri olan bu sessiyanın keçirildiyi ərəfədə istər Azərbaycanda, istərsə də onun ayrılmaz hissəsi Naxçıvanda yaranmış gərgin vəziyyət xalqı bu bəladan yalnız Heydər Əliyev şəxsiyyətinin çıxara biləcəyini göstərdi.

“Görkəmli dövlət xadimi Heydər Əliyevin 1990-cı ildəki misilsiz fəaliyyəti və qəbul edilən tarixi qərarlar” mövzusunda məruzə ilə çıxış edən bölmə sədri qeyd edib ki, ulu öndərin 1990-1993-cü illərdə Naxçıvanda yaşayıb-işlədiyi dövrdə qəbul etdiyi dövlət əhəmiyyətli qərarlar, həyata keçirdiyi islahatlar Azərbaycanda milli dövlətçiliyin möhkəmləndirilməsi baxımından mühüm siyasi və tarixi əhəmiyyətə malikdir: “Azərbaycan Xalq Cümhuriyyətinin üç rəngli bayrağının dövlət bayrağı kimi qəbul olunması və SSR Ali Soveti qarşısında həmin bayrağın bütövlükdə Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırılması, ilk dəfə 31 dekabr gününün Dünya Azərbaycanlılarının Həmrəylik günü kimi qeyd edilməsi, Naxçıvan MSSR-nin adından “Sovet Sosialist” sözlərinin çıxarılması, Bakıda baş vermiş yanvar faciəsinə siyasi qiymət verilməsi, eləcə də qanlı hadisələri törədən şəxslərin məsuliyyətə cəlb olunması və bu kimi digər tarixi qərarların qəbul edilməsi məhz Heydər Əliyevin Naxçıvanda mühasirə şəraitində keçirdiyi mühüm və tarixi əhəmiyyətli tədbirlər idi”.

Akademik İsmayıl Hacıyev vurğulayıb ki, dahi şəxsiyyət Heydər Əliyevin ideyaları bu gün onun layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “Ölkə başçısının qloballaşan dünyanın tələblərinə uyğun davam etdirdiyi siyasi xətt Azərbaycan dövlətçiliyinin inkişafına, ölkənin milli maraqlarının müdafiəsinə və iqtisadiyyatın inkişaf etdirilməsinə misilsiz töhfələr verir”, – deyə bölmə sədri qeyd edib.

Sonra Naxçıvan Dövlət Universitetinin rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev “Ümummilli lider Heydər Əliyevin muxtar respublikanı iqtisadi böhrandan çıxarmaq uğrunda mübarizəsi” mövzusunda məruzəsində 1990-ci ilin əvvəllərində baş verən iqtisadi-siyasi və cəmiyyət həyatının bütün sahələrindəki dərin böhrandan danışıb. Natiq ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi tədbirlər, iqtisadi-siyasi layihələrin həyata keçirilməsi üçün intensiv danışıqlardan söz açaraq bildirib ki, ulu öndərin qonşu ölkələrlə, eyni zamanda dünya ölkələri ilə apardığı danışıqlar Naxçıvan ərazisinin ağır blokadadan çıxarılmasına zəmin yaratdı.

Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli “Ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi Azərbaycan xalqının taleyində böyük siyasi əhəmiyyətə malik tarixi hadisədir” mövzusunda məruzəsində bildirib ki, bu böyük siyasi hadisə ilə ölkəmizdə müstəqil dövlətçilik uğrunda mübarizənin möhkəm və əsaslı təməlləri atılıb.

Daha sonra onlayn tədbirdə Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdirləri – AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin “Ulu öndər Heydər Əliyevin hərbi-siyasi fəaliyyəti” və tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyevin “Naxçıvan Muxtar Respublikasının xarici dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələri” mövzusunda məruzələri dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: