Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Görkəmli filosof Ziyəddin Göyüşovun anadan olmasının 100 illiyinə həsr edilmiş onlayn konfrans keçirilib
03.09.2020 15:23
  • A-
  • A
  • A+

Görkəmli filosof Ziyəddin Göyüşovun anadan olmasının 100 illiyinə həsr edilmiş onlayn konfrans keçirilib

Sentyabrın 3-də AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda görkəmli alim-filosof, AMEA-nın müxbir üzvü Ziyəddin Göyüşovun anadan olmasının 100 illiyinə həsr edilmiş onlayn konfrans öz işinə başlayıb.

Konfrans institutun direktoru, professor İlham Məmmədzadənin moderatorluğu ilə baş tutub. İ.Məmmədzadə görkəmli alim Z.Göyüşovun elmi fəaliyyəti və fəlsəfə elminə verdiyi töhfələr haqqında məlumat verib. Qeyd edib ki, Z.Göyüşov Sovet dönəmində yaşayıb fəaliyyət göstərsə də, vətənpərvər alim olması ilə hər zaman elmi müstəvidə milli məsələlərə daha çox diqqət ayırıb: “Bu baxımdan Z.Göyüşovun əsərləri bu gün də istər yerli, istərsə də beynəlxalq miqyasda alimlər tərəfindən oxunur və tədqiq edilir”.

İnstitut direktoru Z.Göyüşovun Azərbaycanda etikanın yaranmasına və inkişafına böyük töhfələr verdiyini vurğulayıb, onun elmi istiqamətdə mövcud ənənələri yaradan alimlərimizdən biri olduğunu deyib.

İ.Məmmədzadə alimin yubileyi münasibəti ilə Bolqarıstan Sosiologiya və Fəlsəfə İnstitutunun direktoru Albena Nakova və digər ölkələrin alimləri tərəfindən təbrik məktubları aldığını da bildirib.

Natiq çıxışının sonunda görkəmli alimlə bağlı xatirələrini bölüşüb.

Konfransda Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdirləri – f.e.d. Füzuli Qurbanov “Ziyəddin Göyüşovun fəlsəfi etik görüşlərinə dair”, f.e.d. Afaq Rüstəmova “Fəzilət və Qəbahət həyatın əzəli və əbədi mövzusu kimi”, f.e.d. Adil Əsədov “Ziyəddin Göyüşov XX əsr Azərbaycan tələbə gəncliyinin kumiri kimi”, f.e.d. Arzu Hacıyeva “Azərbaycan fəlsəfə elminin görkəmli nümayəndəsi”, f.e.d. Rəfiqə Əzimova “Xalqın əxlaqi sərvətlərini yeni nəsillərə yönəldən böyük alim” və f.e.d. Azər Mustafayev “Ziyəddin Göyüşov: düşüncələr və xatirələr” mövzularında çıxış ediblər.

Sonda tədbirdə qonaq qismində iştirak edən f.ü.f.d. Eldar Şahgəldiyev Z.Göyüşov haqqında xatirələrindən danışıb.

Qeyd edək ki, konfrans iki gün davam edəcək.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: