Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Xarici dillər kafedrasının kollektivi İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin tədris prosesi ilə tanış olub
01.12.2014 00:00
  • A-
  • A
  • A+

Xarici dillər kafedrasının kollektivi İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin tədris prosesi ilə tanış olub

Son dövrlərdə Azərbaycan elminin daha da inkişaf etdirilməsi, ölkənin sosial-iqtisadi inkişafında elmin rolunun artırılması məqsədilə AMEA-da bir sıra islahatlar aparılır. Onlardan biri də elmi kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi ilə bağlıdır.

AMEA prezidenti, akademik Akif Əlizadənin noyabrın 24-də AMEA Xarici dillər kafedrasının professor-müəllim heyəti ilə görüşü zamanı alimlərimizin dünyada baş verən son elmi yeniliklərdən bəhrələnməsi, beynəlxalq konfranslarda yüksək səviyyədə təmsil olunması, yüksək istinad indeksli beynəlxalq jurnallarda məqalələrinin nəşri, beynəlxalq elmi əməkdaşlıq münasibətlərinin qurulması üçün xarici dil biliklərinin vacib olduğu qeyd edilmişdi. Bunun üçün kafedranın fəaliyyətinin təkmilləşdirilməsi, imtahan və tədris prosesinin müasir standartlara uyğunlaşdırılması, auditoriyaların İKT vasitələri ilə təmin edilməsi, müəllimlərin əməyinin stimullaşdırılması ilə bağlı tapşırıqlar verilmişdi.

AMEA rəhbərliyinin göstəriş və tövsiyələrinə əsasən Xarici dillər kafedrasının müəllimləri elmi kadr hazırlığı sahəsində tədrisin və imtahanların təşkili təcrübəsi ilə tanış olmaq üçün AMEA İnformasiya Texnologiyaları İnstitutunda oldular. İnstitutun Tədris-İnnovasiya Mərkəzinin (TİM) rəhbəri Rəsmiyyə Mahmudova öncə qonaqlara mərkəzin fəaliyyəti haqqında məlumat verərək, 2003-cü ildən AR Prezidenti yanında Ali Attestasiya Komissiyası və AMEA Rəyasət Heyətinin qərarlarına əsasən ölkənin bütün doktorant və dissertantlarına informatika fənninin tədrisi və doktorluq imtahanının qəbulu prosesinin həyata keçirildiyini qeyd etdi. Dərslərin institutun alim və yüksəkixtisaslı mütəxəssisləri tərəfindən tədris edildiyini və informasiya texnologiyalarının inkişaf tempinə uyğun olaraq dərs proqramlarının mütəmadi olaraq yeniləndiyini qonaqların nəzərinə çatdırdı.

2003-cü ildən indiyə qədər 13 mindən çox doktorant və dissertanta İnformatika fənninin tədris edildiyini bildirən R.Mahmudova mərkəzdə 2011-ci ildən distant tədris xidmətlərinin də göstərildiyini qeyd etdi. Naxçıvanda və Gəncədə yaşayan doktorant və dissertantların İnformatika fənni üzrə təşkil edilmiş kursları məsafədən dinlədiklərini və gələcəkdə digər bölgələrdə də Distant Tədris Mərkəzlərinin yaradılmasının planlaşdırıldığını bildirdi.

Qonaqlara doktorant və dissertantların anket məlumatları, imtahan protokolları və digər sənədlərinin saxlanılması və avtomatik emalı üçün yaradılmış “Tədris Mərkəzi” İnformasiya Sistemi haqqında məlumat verildi. Bildirildi ki, sistemdə toplanmış məlumatlar ölkədə elmi kadr hazırlığının vəziyyətini qiymətləndirmək üçün təhlillər aparmağa imkan verir. Dərs otaqlarının müasir kompüter, proyektor və elektron lövhələrlə təchiz olunması, tədrisin keyfiyyətinə nəzarət üçün mərkəzdə qurulmuş video-monitorinq sistemi, Distant Tədris Mərkəzi ilə tanışlıq qonaqlarda xoş təəssürat yaratdı.

Doktorluq imtahanlarının elektron test üsulu ilə həyata keçirildiyini deyən R.Mahmudova bu sistemin imtahan prosesində şəffaflığın təmin edilməsi və imtahan verənlərin biliklərinin daha obyektiv qiymətləndirlməsi baxımından olduqca əhəmiyyətli olduğunu qeyd etdi. Qonaqlara bu sistemin iş prinsipi əyani şəkildə nümayiş etdirildi və onları maraqlandıran suallar ətrafında müzakirələr aparıldı.

Sonra müəllimlər “İnformasiya texnologiyaları” nəşriyyatı, AzScienceNet Elm Kompüter Şəbəkəsi, Elektron Kitabxana Mərkəzinin fəaliyyəti, konfrans zalları və “İnternet Kafe” ilə də yaxından tanış oldular.

Sonda İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev qonaqlar ilə dəyirmi masa keçirdi. Görüşdə akademik İnternet mühitində onlayn ingilis dili kurslarının uğurla tətbiq olunduğunu və çox sayda insanların bu üsulla xarici dil biliklərinə yiyələndiyini qeyd etdi. O, İKT-nin tətbiqi ilə kafedranın maddi-texniki bazasının gücləndirilməsi, tədrisin təşkilinin təkmilləşdirilməsi, gənc alimlərə elmi fəaliyyət üçün zəruri olan dil biliklərinin verilməsi, mövcud tədris vəsaitlərinin rəqəmsallaşdırılaraq distant tədris resurslarına çevrilməsi, bilik və vərdişlərin mütərəqqi test üsulu və interaktiv texnologiyalar vasitəsilə qiymətləndirilməsi, doktorant və dissertantların ingilis dilində danışıq vərdişlərinin inkişaf etdirilməsi üçün yay və qış məktəblərinin təşkili, ingilis dilli elmi konfransların keçirilməsi, sosial şəbəkələrdə doktorant və dissertantlarla məqsədli interaktiv münasibətlərin qurulması ilə bağlı tövsiyələrini səsləndirdi. Müəllimlərin ixtisasartırma proqramlarında iştirakının təmin edilməsi, kafedraya gənc kadrların cəlb olunması, xarici dil kurslarının kommersiyalaşdırılması yolu ilə əlavə maliyə vəsaitləri cəlb etməklə müəllimlərin əməyinin stimullaşdırılması, kafedrada tərcümə xidmətlərinin təşkili, kafedranın fəaliyyətinin innovativ əsaslarla yenidən qurulması mövzuları ətrafında fikir mübadiləsi aparıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: