Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Azərbaycanda üzümçülüyün inkişafına dair onlayn elmi-praktik konfrans keçirilib
31.08.2020 11:20
  • A-
  • A
  • A+

Azərbaycanda üzümçülüyün inkişafına dair onlayn elmi-praktik konfrans keçirilib

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU), Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçiliyin, üzümçülüyün təşkili və monitorinqi şöbəsi, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu və “Az-Granata” MMC-nin birgə təşkilatçılığı “Azərbaycanda üzümçülük: nəticələr, perspektivlər” mövzusunda onlayn elmi-praktik konfrans keçirilib.

Tədbirə AMEA-nın Naxçıvan Bölməsinin, Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndələri və təcrübəli üzümçü fermerlər də qatılıblar.

Konfransın məqsədi Prezident İlham Əliyevin 2011-ci il 15 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın müvafiq bəndlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi vəziyyətinin müzakirəsi, sahənin inkişafı məqsədilə həyata keçirilən sistemli tədbirlərin qiymətləndirilməsi və elmi cəhətdən əsaslandırılmış təkliflərin verilməsi olub.

ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov çıxış edərək Dövlət Proqramının icrası müddətində universitetdə, o cümlədən Aqronomluq fakültəsində və Tədris-təcrübə təsərrüfatında üzümçülük istiqamətində görülmüş işlər barədə məlumat verib. O, ADAU-da kadr hazırlığı məsələləri və fermerlərə göstərilən Aqrar Məsləhət Xidmətindən bəhs edib. Rektor Azərbaycanda üzümçülük sahəsində xidmətləri olan alimlər haqqında danışaraq, professor Famil Şərifovun xatirəsini dərin hörmətlə yad edib.

Daha sonra Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçiliyin, üzümçülüyün təşkili və monitorinqi şöbəsinin müdiri Tofiq Rzayev Dövlət Proqramının yekunlarını özündə əks etdirən məlumatları statistik rəqəmlərlə diqqətə çatdırıb, subsidiyalaşma prosesinin mahiyyətindən və tingçilik təsərrüfatlarının əhəmiyyətindən danışıb.

Məruzəçilərdən Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru, aqrar elmlər doktoru Vüqar Səlimov qlobal iqlim dəyişmələri şəraitində Dağlıq Şirvan zonasında dəmyə üzümçülüyünün qarşılaşdığı problemlərdən, institutda görülmüş işlərdən bəhs edib, gələcəkdə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Sonra AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Meyvə, tərəvəz və üzümçülük laboratoriyasının rəhbəri, aqrar elmlər doktoru Varis Quliyev Naxçıvanın yerli üzüm sortları, yeni salınmış üzüm bağları barədə məlumat verib, sortların beynəlxalq kodlaşdırma əsasında qeydiyyatı, çap olunmuş Ampeloqrafiya kitabı və genofond barədə təqdimat edib.

Tədbirdə çıxış edən “Az-Granata” MMC-nin direktoru, texnika elmləri doktoru Vüqar Mikayılov sənaye üzümçülüyünün inkişafı barədə fikirlərini bölüşüb, alkoqolsuz şərab istehsalının təşviqi, şərabın qida məhsulu kimi qəbul olunması ilə bağlı təkliflərini səsləndirib.

Şirvan bölgəsindən konfransa qoşulan Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Etibar Muradlı mərkəzin əhatə etdiyi ərazidə üzümçülük sahəsində görülmüş işləri diqqətə çatdırıb. Mərkəzin təşkil etdiyi təlimlərdə iştirak edən peşəkar üzümçülər isə çoxillik təcrübələri və tövsiyələri əsasında tədbir iştirakçıları ilə maraqlı fikir mübadiləsi aparıblar.

Sonra Gəncə Üzümçülük və Şərabçılıq Təcrübə Stansiyasının direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Mehman İsmayılov Dövlət Proqramının icrası müddətdə stansiyada görülən işlər barədə məruzə ilə çıxış edib.

ADAU-nun Bağçılıq kafedrasının müdiri, dosent Hüseyn İdrisov, kafedranın əməkdaşları, dosent Sevil Abduləliyeva və dosent Məhsəti Ələkbərova kafedrada üzümçülüyə dair son illərdə çap olunmuş dərslik, dərs vəsaiti, terminlər lüğəti və s. materiallar haqqında məlumat veriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: