www.science.az
28.11.2014 00:00

AMEA Rəyasət Heyətinin II xüsusi şöbəsində növbəti seminar-məşğələ keçirilib

Bu gün AMEA Rəyasət Heyətinin 22 oktyabr 2014-cü il tarixli 256 nömrəli sərəncamının yerinə yetirilməsi ilə əlaqədar AMEA Rəyasət Heyətinin Mərkəzi aparatında AMEA-nın elmi müəssisə və təşkilatlarında hərbi uçot işlərini aparan əməkdaşlarla seminar-məşğələ keçirilib.

Seminar-məşğələdə İqtisadiyyat və Sənaye Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri iştirak ediblər.

Seminar-məşğələni giriş sözü ilə AMEA Rəyasət Heyəti II Xüsusi şöbəsinin rəisi Eldar Quliyev açaraq hərbi uçot və bronetmə işləri sahəsində şöbə tərəfindən il ərzində görülən işlər barədə qısa məlumat verib. Bildirdi ki, tədbirin əsas məqsədi hər il olduğu kimi bu ildə də təşkilatlarda hərbi uçot və bronetmə sahəsində görülən işlərin yekunu, işləyən və bron edilmiş hərbi vəzifəlilərin sayı haqqında illik hesabatların hazırlanmasıdır. E.Quliyev, bu tədbirin təşkilatlarda hərbi uçotun “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması Qaydası” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 08 may tarixli 76 nömrəli qərarına uyğun olaraq təşkil olduğunu söyləyib. Rəis, həmçinin bu sahədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli orqanları ilə sıx əlaqədə olmalarını nəzərə çatdırıb. Bildirib ki, ildə bir dəfədən az olmayaraq hər bir çağırışçının və ya hərbi vəzifəlinin hərbi uçot vərəqəsinin (hərbi qeydiyyat məlumatları) yerli xidmət orqanlarının məlumatları ilə uyğunlaşdırılması vacib amillərdən biridir.

Sonra İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndəsi Bəhruz MəmmədovAzərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən yaradılmış bronla işçi qüvvəsi saxlayan Respublika Komissiyasının yaradılması barədə toplantı iştirakçılarını məlumatlandırıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi polkovnik Malik Məmmədov çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun və hərbi qeydiyyatının real vəziyyətdə aparılması, orqan və təşkilatlarda Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun orduya çağırılmış mütəxəssislərin əvəz edilməsi üçün lazım olan kadrların qabaqcadan hazırlanması sahəsində geniş məlumat verib.

Seminar-məşğələnin 2-ci hissəsində AMEA-nın elmi müəssisə və təşkilatlarında hərbi uçot və bronetmədə il ərzində görülən işlər barədə dinləmələr keçirilib və sonda 06 nömrəli formaların illik hesabatının hazırlanması və təqdim olunması qaydaları şöbənin baş mütəxəssisi Cahid Hüseynov tərəfindən izah edilib.

Tədbirdə suallar cavablandırılıb, fikir və təkliflər irəli sürülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.