Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Füzuli rayonunda Neolit dövrünə aid yaşayış məskəni tapılıb
31.08.2020 11:02
  • A-
  • A
  • A+

Füzuli rayonunda Neolit dövrünə aid yaşayış məskəni tapılıb

Füzuli rayonunun Horadiz kəndi ərazisində Neolit dövrünə aid yaşayış məskəni aşkarlanıb.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ neolit-eneolit ekspedisiyasının rəisi, tarix üzrə fəlsəfə doktoru Xəqani Alməmmədov bildirib ki, Lələtəpə neolit dövrü yaşayış yeri 2019-cu ildə aparılan arxeoloji kəşfiyyat işləri zamanı aşkar olunub. Bu ilin yayında yaşayış yerində arxeoloji qazıntılara başlanılıb. Hər biri 16 kvadratmetr olan dörd sahədə aparılan qazıntı zamanı bizim eradan əvvəl VI minilliyə aid oval, dairəvi quruluşda çiy kərpicdən 3 tikinti qalığı və həyətin divarının bir hissəsi aşkar edilib. 

X.Alməmmədov əlavə edib ki, abidənin ən maraqlı cəhəti onun məzarlığı ilə bağlıdır. Belə ki, neolit dövrü yaşayış yerində məzarlığa ilk dəfədir rast gəlinir. İkinci qazıntı sahəsinin qərb divarına yaxın hissədə 8 kvadratmetr sahədə 10-a qədər skelet və muncuqlar, sümükdən alətlər aşkarlanıb. Skeletlər bükülü halda, oval qəbir çalalardadır.

Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Əjdər Babazadə isə bildirib ki, abidə artfaktlarla, memarlıq və məzarlıq fenomeni ilə zəngindir. Yaşayış yerində uşaqlar evlərin içində, böyüklər isə kənarda dəfn edilib. Burada insanlar həm tək, həm də qoşa - bir-birinin üstündə, uşaq və ana bir yerdə olmaqla dəfn olunub. Uşaq skeletlərinin yanında muncuqlar var. Qəbir çalaları suvanıb və oxra ilə rənglənib.

Qeyd edək ki, Neolit dövründə Qafqaz və Anadolu arasında baş vermiş etnik mədəni münasibətlərin öyrənilməsi üçün Lələtəpə neolit dövrü yaşayış yerində aşkar edilmiş skeletlər Ankaranın Hacettepe Universitetinin əməkdaşları ilə birlikdə tədqiq ediləcək, Türkiyədə skeletlərin DNA analizi aparılacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: