Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Yardımlıda 2000 il əvvələ aid olan küp qəbirlər tapılıb
29.08.2020 15:51
  • A-
  • A
  • A+

Yardımlıda 2000 il əvvələ aid olan küp qəbirlər tapılıb

Yardımlıda təxminən 2000 il əvvələ aid olan küp qəbirlər tapılıb. Rayonda, həmçinin iri daşlardan hazırlanmış qəbirlərə də rast gəlinib.

Belə ki, ötən ilin sentyabr ayında Urakəran kəndində təsərrüfat işləri aparan zaman maraqlı hadisə baş verib. Evinə su borusu çəkmək istəyən kənd sakini saxsı əşyalar tapıb. Sonradan məlum olub ki, bu, adi saxsı qablar deyil.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Antik dövr üzrə Yardımlı-Lerik arxeoloji ekspedisiyası bu ayın ortalarından kəndin Bilgəh adlanan ərazisində tədqiqatlara başlayıb. Kənd sakinləri tədqiqat işlərini rayonun turizm potensialı üçün çox müsbət dəyərləndirirlər. Tapılan küp qəbirlərə Azərbaycanın müxtəlif yerlərində təsadüf olunsa da, bu ərazidəki quruluş və dəfn adəti müəyyən qədər seçilir. Qəbrin içərisində bəzək əşyaları, saxsı qablar və silahlar tapılıb. Həmçinin bu qəbirlərin içərisində Roma təsiri ilə əlaqəli şüşə nümunələr də var. Bu, həmin dövrdə ticarət əlaqələrinin göstəricisidir.

İnstitutun aparıcı elmi işçisi, Antik dövr üzrə Yardımlı-Lerik arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminli bildirib ki, 4 sahədə arxeoloji qazıntılar aparılıb və iki metr dərinlikdə küp qəbirlər aşkar olunub. Tədqiqatlar nəticəsində məlum olub ki, bu qəbirlər təxminən 2000 il əvvələ aiddir. 

Ceyhun Eminlinin sözlərinə görə, küp qəbirlərlə yanaşı, ərazidə iri daşlardan hazırlanmış daş örtüklü qəbirlər də qeydə alınıb. “Bu qəbirlər kifayət qədər geniş ərazini əhatə edir və qəbirlərin yanında qurbangahı da var, müəyyən dini inancları ilə küp qəbirlərdən seçilir. Orada üst daşların 0,5-1 ton və daha çox çəkisi var. Paralel olaraq həmin qəbirləri də araşdırmağı nəzərdə tuturuq”, - deyə o bildirib.

Tədqiqatlar sentyabrın ortalarına qədər davam edəcək və yekun olaraq tapılan maddi-mədəniyyət nümunələri sənədləşdiriləcək. Aşkar olunmuş nümunələr bərpa olunduqdan sonra yerli diyarşünaslıq muzeyinə və Azərbaycanın əsas muzeylərinə təhvil veriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: