www.science.az
27.11.2014 00:00

«Fövqəladə hallar, onların inkişaf dinamikası və idarə olunmasının elmi-praktik aspektləri» mövzusunda elmi-praktiki konfrans keçirilib

Noyabrın 26-da AMEA əsas binasında «Fövqəladə hallar, onların inkişaf dinamikası və idarə olunmasının elmi-praktik aspektləri» mövzusunda elmi-praktiki konfrans keçirilib.

Konfransın təşkilatçıları AMEA, Fövqəladə Hallar Nazirliyi (FHN) Regional Mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsi və FHN Bakı Regional Mərkəzidir.

Konfransın açılışında AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Fövqəladə hallar nazirinin müavini, general-leytenant Tağı-zadə Faiq çıxış edərək tədbirin məqsəd və əhəmiyyətindən danışıblar. Bildirilib ki, tədbirin əsas məqsədi təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında mövcud elmi nailiyyətlərin tətbiqi, bu istiqamətdə yeni elmi araşdırmaların aparılmasına təkan verməkdir.

Qeyd olunub ki, son iki il ərzində fövqəladə hallar orqanları elmi-texniki inkişafın son nailiyyətlərindən bəhrələnərək işlərini daha yüksək keyfiyyət səviyyədə qurmağa nail olmuşlar.

Ötən illərdə Bakı Regional Mərkəzi AMEA-nın müxtəlif institut və digər qurumları ilə mütəmadi olaraq əlaqələr yaratmış, işlə bağlı müvafiq məsləhətlər aparılmışdır. Əldə olunan məlumatlar son iki ildə AMEA-nın elmi mərkəzlərində fövqəladə hallarla bağlı ciddi elmi araşdırmaların aparılmasından xəbər verir.

Sonra AMEA İnsan Hüquqları İnstitutunun direktoru, Millət vəkili, hüquq elmləri üzrə fəlsəfə doktoru Aytən Mustafayeva , “ Fövqəladə hallardan qorunmaq məqsədilə insan hüquqları kontekstində preventiv tədbirlər”, AMEA Coğrafiya İnstitutunun direktoru vəzifəsini icra edən, akademik Ramiz Məmmədov“Azərbaycan Respublikasının Fövqəladə Hallar Atlasının və informasiya bazasının yaradılması”, AMEA Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov “Yanğın söndürmə üçün yeni reagent - “Naftapen” və mövzularda məruzələrlə çıxış etmişlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.