Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Dahi Azərbaycan alimi, professor Rəsmi Əsəd oğlu Abdullayevin anadan olmasının 90 illik yubileyi qeyd edilib
24.11.2014 00:00
  • A-
  • A
  • A+

Dahi Azərbaycan alimi, professor Rəsmi Əsəd oğlu Abdullayevin anadan olmasının 90 illik yubileyi qeyd edilib

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunda (GGİ) geofizika elminin inkişafında böyük xidmətləri olmuş geologiya-mineralogiya elmləri doktoru, professor Rəsmi Əsəd oğlu Abdullayevin anadan olmasının 90 illik yubileyi qeyd edilib. Tədbiri AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq mərhum alimin həyat və yaradıcılığına qısaca nəzər salıb. Bildirib ki, R.Abdullayev 1924-cü ildə dünyaya göz açıb, 1944-cü ildə orta məktəbi bitirərək Azərbaycan Sənaye İnstitutunun geoloji kəşfiyyat fakültəsinə daxil olub. 1949-cu ildə Qubkin adına Moskva Neft İnstitutunun geofiziki kəşfiyyat metodları kafedrasında aspiranturaya qəbul edilib. O, 1954-cü ildə Moskvada dissertasiyasını müdafiə edərək geofizika ixtisası üzrə geologiya-mineralogiya elmləri namizədi adını alıb. 1973-cü ildə isə doktorluq dissertasiyasını müdafiə edib. 

R.Abdullayevin elmi potensialına böyük qiymət verən akademik geofizika elminin inkişafı sahəsində alimin xidmətindən və nailiyyətlərindən də danışıb. Qeyd edib ki, o, seysmik məlumatların işlənməsi metodlarını tərtib edib və bu, onun monoqrafiyalarında əks olunur. R.Abdullayev çoxsaylı elmi əsərin müəllifidir. O, nəinki mühəndis-geofiziklər, eyni zamanda seysmik kəşfiyyat sahəsində elmi kadrlar hazırlayıb. 

Sonra yubilyarın tələbələri – akademik Pərviz Məmmədov, geologiya-mineralogiya elmləri doktoru Akif Əliyev və başqaları çıxış ediblər. Qeyd olunub ki, R.Abdullayev tədqiqatçı alim olmaqdan əlavə, 40 il müəllim kimi də əmək sərf edib. Onun rəhbərliyi altında Banqladeş, Vyetnam və Konqo vətəndaşları olan 16 aspirant elmlər namizədi olmaq üçün dissertasiyalar müdafiə edib. Eyni zamanda Fransa və Çindən mühəndis-geofiziklər onun müəllimliyi ilə təcrübə keçiblər. 

Yubiley tədbiri R.Abdullayevin digər tələbələri, dostları və doğmalarının çıxışları ilə davam edib. Unudulmaz alimi sevimli müəllim, ziyalı vətəndaş və qayğıkeş ailə başçısı kimi yada salan xatirələr dinlənilib. Məşhur azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin qızı Sürəyya xanımın oğlu olan R.Abdullayevin genetik irsiyyəti haqqında maraqlı məlumatlar verilib, tərbiyə aldığı ailədən geniş bəhs olunub. 

Sonda yubilyar haqqında görüntülü xatirələrdən ibarət sənədli film nümayiş etdirilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.

  • Paylaş: