Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

ABŞ-da Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunun iştiraki ilə mühüm monoqrafik əsər nəşr olunub
21.11.2014 00:00
  • A-
  • A
  • A+

ABŞ-da Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunun iştiraki ilə mühüm monoqrafik əsər nəşr olunub

Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunun “Qafqaz regionunun endem bitki növlərinin Qırmızı siyahısı” adlı monoqrafiyası ABŞ-da ingilis dilində nəşr olunub. Kitabda Qafqaz üçün məlum olan 2791 endem bitki növü arasından seçilən 1752 növün qorunma vəziyyətinin qiymətləndirilməsinin nəticələri verilib. Buraya bitkilərin yüksək keyfiyyətli foto şəkilləri, həmçinin coğrafi xəritələr daxil edilib.

451 səhifədən ibarət olan bu dəyərli əsər 6 Qafqaz ölkəsinin botaniklərinin fəaliyyəti nəticəsində hazırlanıb. Nəşrin Azərbaycan florasına həsr olunan hissəsinin müəllifləri qeyd edilən layihənin milli əlaqələndiricisi AMEA-nın müxbir üzvi, professor Validə Əlizadə və Botanika İnstitutunun əməkdaşlarıdır.

 Layihə çərçivəsində AMEA Botanika İnstitutundan 5 iştirakçı kateqoriya və meyarlardan istifadə vasitəsilə məlumatların toplanması və region üzrə endem bitkilərin Qırmızı Siyahısının tərtib edilməsi prosesində Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN) eksperti təyin olunub. Məlumat bazasına Azərbaycanda yayılan Qafqaz endemlərindən 200-ü milli və 950-si Qafqaz endemi kimi daxil edilib.

Monoqrafiyanın əhəmiyyəti professional səviyyədə ilk dəfə olaraq Qafqaz regionu ölkələrində yayılan həm milli, həm də Qafqaz endemlərinin yeri, sayı, populyasiyalarının vəziyyəti, təhlükələri və yayılması barədə ətraflı məlumatlardan ibarətdir. 

Kitabda dünyada bitki müxtəlifliyinin davamlı azalması ilə bağlı məlumatlar daxil edilib. Burada həmçinin, yabanı təbiətdə yox olan (nəsli kəsilən) 5 növ, kritik vəziyyətdə olan 169 növ, yox olmaqda olan (nəsli kəsilməkdə olan) 291 növ, həssas 272 növ, təhlükəyə yaxın olan 255 növ, az təhlükədə olan 242 növ, haqqında kifayət qədər məlumat olmayan 518 növ daxil edilib.

Qeyd edək ki, IUCN-nin birinci qırmızı kitabına (Lucas, 1978) yalnız bir Qafqaz bitkisi (Iris winogradowii Fomin) daxil edilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.

  • Paylaş: