Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Qida Təhlükəsizliyi Agentliyi AMEA və Səhiyyə Nazirliyi ilə birgə koronavirus infeksiyasının genetik kodunun oxunması istiqamətində əməkdaşlıq edəcək
05.08.2020 23:34
  • A-
  • A
  • A+

Qida Təhlükəsizliyi Agentliyi AMEA və Səhiyyə Nazirliyi ilə birgə koronavirus infeksiyasının genetik kodunun oxunması istiqamətində əməkdaşlıq edəcək

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədrinin müşaviri Elxan Mikayılov avqustun 4-də “Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” mövzusunda keçirilən beynəlxalq onlayn konfransda çıxış edib.

O, agentliyin koronavirusla mübarizə tədbirlərində ilk günlərdən yaxından iştirak etdiyini bildirib, görülən işlər haqqında məlumat verib.

Konfransın keçirilməsinin əhəmiyyətindən danışan E.Mikaylov bildirib ki, bütün dünyanın koronavirusla mübarizə apardığı bir vaxtda xəstəliyin xüsusiyyətləri və ona qarşı tətbiq edilən mübarizə metodlarının elmi cəhətdən araşdırılması, eyni zamanda, genetik xüsusiyyətləri nəzərə almaqla yeni həll yollarının təklif edilməsi vacib məsələlərdəndir. Koronavirus infeksiyasının yayılma spektri və xüsusiyyətlərinin regionlar üzrə fərqli olduğunu söyləyən müşavir bu baxımdan tədbirin elmi əhəmiyyətə malik olduğunu vurğulayıb. Əlavə edib ki, bu konfrans koronavirusla mübarizə tədbirlərinə qoşulmuş dövlət orqanlarının işinə də böyük töhfələr verəcək.

“Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına əsasən, dünyada insanlar arasında yayılan yoluxucu xəstəliklərin 60 faizi heyvanlardan insanlara keçən zoonoz xəstəliklərdir”, – deyə bildirən E.Mikayılov koronavirus infeksiyasının da zoonoz xəstəliklərdən hesab olunduğunu, bu kimi xəstəliklərə dövlət nəzarətini həyata keçirən orqan kimi Qida Təhlükəsizliyi Agentliyinin bu işdə yaxından iştirak etdiyini diqqətə çatdırıb.

Müşavir qlobal pandemiyanın, eyni zamanda, qida təhlükəsizliyi, baytarlıq nəzarəti kimi məsələlərə diqqəti artırdığını qeyd edərək, bu sahədə dövlət orqanları tərəfindən həyata keçirilən tədbirlərin əhatə dairəsinin genişləndirildiyini vurğulayıb.

Onun sözlərinə görə, pandemiya qida zəncirinin birinci mərhələsi olan ilk istehsal mərhələsində heyvanların sağlamlığının təmin olunması və onlardan insanlara keçən zoonoz xəstəliklərlə mübarizənin daha da gücləndirilməsi məsələsini meydana çıxarıb. Həmçinin son dövrlərdə ən vacib məsələlərdən biri – qida təhlükəsizliyi sisteminin komponenti olan gigiyena tələblərinin yerinə yetirilməsi ilə bağlı qlobal və milli səviyyədə görülməsi zəruri olan profilaktik tədbirlərin əhəmiyyətini ortaya qoyub.

Bu dövrdə insanların immun sisteminin gücləndirilməsi üçün sağlam qidalanmaq vərdişlərinin artırılmasının zəruriliyindən danışan məruzəçi bildirib ki, Qida Təhlükəsizliyi Agentliyi həm qlobal pandemiyadan əvvəlki dövrdə, həm də indiki karantin şəraitində insanların təhlükəsiz qidalarla sağlam qidalanma vərdişlərinə yiyələnməsinə böyük əhəmiyyət verir.

E.Mikayılov qeyd edib ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə müxtəlif dövlət orqanlarına karantin rejiminin tələblərinin sahibkarlıq subyektləri tərəfindən gözlənilməsi ilə bağlı reydlərin keçirilməsi tapşırığı verilib və bundan irəli gələrək Qida Təhlükəsizliyi Agentliyi ictimai iaşə obyektlərində, ticarət şəbəkələrində və turizm obyektlərində geniş miqyaslı reydlər, nəzarət tədbirləri həyata keçirib: “Bu vaxta qədər 22 178 müəssisədə bu kimi reydlər keçirilib və karantin rejiminin tələblərinin gözlənilməsi ilə bağlı aidiyyəti yoxlama işləri, o cümlədən məhdudlaşdırıcı və inzibati cərimə tədbirləri tətbiq edilib”.

Agentliyin nəzdində hazırda 9 stasionar laboratoriyanın mövcud olduğunu deyən müşavir, eyni zamanda bir neçə səyyar və mobil laboratoriyanın da fəaliyyət göstərdiyini nəzərə çatdırıb. Bildirib ki, mobil laboratoriyalar koronavirusun yarandığı ilk gündən bu prosesə cəlb edilib, səyyar laboratoriyaların ilk dövrlərdə cənub regionunda istifadə edilməsi təmin edilib. Stasionar

laboratoriya isə qida məhsulları ilə yanaşı, insanlarda ən müasir metodlarla koronavirus testinin aparılması prosesinə qoşulub. Bu günə qədər 36 mindən çox müayinə məhz Agentliyin laboratoriyalarında həyata keçirilib. Nəticələr isə aidiyyəti üzrə TƏBİB-ə və digər dövlət orqanlarına təqdim olunub.

Bioloji blankların zərərsizləşdirilməsi məsələsinə toxunan məruzəçi Qida Təhlükəsizliyi Agentliyinin AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi, AR Səhiyyə Nazirliyi və TƏBİB-lə birgə resursları səfərbər etdiyini, regionlarda olan laboratoriyalarda bioloji tullantıların zərərsizləşdirilməsi prosesində geniş istifadə olunan stasionar və modul tipli zibilyandırıcıların (inseneratorlar) fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

O, qeyd olunan istiqamətlər üzrə elmi araşdırmaların aparılmasının vacibliyindən danışaraq, koronavirusun genetik kodunun oxunması ilə bağlı AMEA və Səhiyyə Nazirliyi ilə birgə İşçi qrupunun formalaşdırıldığını və layihə konsepsiyasının hazırlandığını vurğulayıb: “Bu konsepsiyaya əsasən, Azərbaycanda yayılan koronavirus infeksiyasının genetik kodunun oxunması istiqamətində birgə əməkdaşlıq nəzərdə tutulur”.

E.Mikayılovun sözlərinə görə, Azərbaycanda yayılan bu virusun ilkin mənşəyinin müəyyən edilməsi, onun mutasiyaya uğrayıb-uğramadığının aydınlaşdırılması vacib məsələlərdəndir: “Bu, həm də sonradan tətbiq edilən müalicə metodlarının düzgün seçilməsinə, eləcə də onun yoluxma səviyyəsinin müəyyənləşdirilməsinə böyük təsir edir. Əvvəllər daha çox yaşlı nəslin nümayəndələri bu virusdan vəfat edirdisə, artıq gənc nəslin nümayəndələrində də bu hallar müşahidə olunur. Ona görə də, virusa yoluxan insanların genetik kodunun oxunması, buna uyğun müalicə protokollarının təyin edilməsi baxımından belə bir layihənin həyata keçirilməsi planlaşdırılır”.

Bu sahədə elmi araşdırmaların aparılmasına böyük ehtiyac duyulduğunu söyləyən E.Mikayılov bildirib ki, qida məhsullarından insanlara, eləcə də heyvanlardan insanlara və ya əksinə virusun keçib-keçməməsi ilə bağlı əlavə elmi tədqiqatlar aparılmalıdır.

Sonda o, konfransın bu istiqamətlərdə müzakirələrin aparılması və aidiyyəti təkliflərin formalaşdırılması baxımından əhəmiyyət kəsb etdiyini deyərək, Qida Təhlükəsizliyi Agentliyinin qeyd olunan istiqamətlərdə həm AMEA, həm də digər dövlət qrumları ilə yaxından əməkdaşlıq etməkdə maraqlı olduğunu vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: