Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Akademik Arif Mehdiyevin 80 illik yubileyi qeyd olunacaq
20.11.2014 00:00
  • A-
  • A
  • A+

Akademik Arif Mehdiyevin 80 illik yubileyi qeyd olunacaq

AMEA Rəyasət Heyətinin 19 noyabr 2014-cü il tarixli iclasında akademik Arif Mehdiyevin 80 illik yubileyi ilə bağlı qərar qəbul edilib.

Qərarda akademik Arif Mehdiyevin Azərbaycanda informatika elminin inkişafındakı xidmətlərini nəzərə alaraq AMEA-nın Fəxri Fərmanı ilə təltif edilməsi, kütləvi informasiya vasitələrində müvafiq materialların işıqlandırılması, onun təltif edilməsi ilə bağlı müvafiq dövlət qurumları qarşısında vəsatət qaldırılması nəzərdə tutulur.

Qeyd edək ki, akademik Arif Mehdiyev 1934-cü il dekabrın 19-da Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1957-ci ildə Moskva Elektrotexniki Rabitə İnstitutunu bitirərək AMEA Fizika İnstitutunda əmək fəaliyyətinə başlamışdır. 1969-cu ildə fizika-riyaziyyat elmləri namizədi, 1984-cü ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini, 1987-ci ildə isə professor elmi adını almışdır. Akademik elmi fəaliyyətlə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. 1980-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının “Məlumat-ölçü və hesablama texnikası” kafedrasının professoru seçilmiş, 2002-ci ildən Milli Aviasiya Akademiyasının “Ekologiya və aerokosmik monitorinq” kafedrasına rəhbərlik edir. 2001-сi ildə AMEA-nın həqiqi üzvü seçilmiş, AMEA-nın vitse-prezidenti vəzifəsində (2001-2007) çalışmışdır. 2002-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədridir.

Arif Mehdiyev məsafədən aerokosmik tədqiqatlarda yerüstü və bort məlumat-ölçü komplekslərinin işlənib hazırlanması sahəsində Yerin kosmosdan tədqiqinin texniki vasitələrinin işlənib hazırlanmasının elmi prinsiplərini müəyyənləşdirmiş, coğrafi-məlumat sistemləri texnologiyalarının kosmik məlumatların emalına tətbiqi sahəsində mühüm əhəmiyyətli nəticələr əldə etmişdir. Onun rəhbərliyi ilə hazırlanmış yerüstü və təyyarə məlumat-ölçü kompleksləri “Günəş-84” Beynəlxalq Eksperimentində istifadə edilmiş, həmçinin Polşa, Çexoslovakiya, Monqolustan və Macarıstan kosmonavtları kosmosda uçan zaman həmin ölkələrdə aparılan peykaltı tədqiqatları yerüstü ölçmələrlə təmin etmişdir. O, kosmik fəzanı tədqiq edən peyk cihazlarının, o cümlədən “Salyut-Soyuz” orbital kompleksinin bortunda fəaliyyət göstərən RS-17 rentgen spektrometrinin, “Pulsar-X-1” rentgen teleskopunun yaradılmasında fəal iştirak etmişdir. Arif Mehdiyevin elmi fəaliyyəti son illərdə ətraf mühitdə, Xəzər dənizində baş verən ekoloji dəyişikliklərin, o cümlədən dənizin Azərbaycan sektorunda neft çirklənmələrinin qeydə alınması və qiymətləndirilməsində daha mütərəqqi tədqiqat üsullarının tətbiqinə yönəlmiş, radiolokasiya sistemi vasitəsilə alınmış təsvirlərin emalı nəticəsində çox kiçik ölçülü neft ləkələrinin qeydə alınması, onların istiqamətinin və yerdəyişmə sürətinin müəyyənləşdirilməsi yüksək dəqiqliklə həyata keçirilmişdir.

Alim Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü, Amerika Aeronavtika və Astronavtika İnstitutunun üzvü, Rusiya Mühəndislik Akademiyasının həqiqi üzvüdür. O, 1992-2008-ci illərdə Azərbaycan Mühəndislik Akademiyasının prezidenti secilmişdir.

Arif Mehdiyev 2004-cü ildə Azərbaycan elmi qarşısında xidmətlərinə görə akademik Yusif Məmmədəliyev adına medalla, 2005-ci ildə isə Aerokosmik sənaye sahəsində qazandığı uğurlara görə Beynəlxalq Mühəndislik Akademiyasının “Böyük qızıl medal”ına layiq görülmüşdür. 2011-ci ildə Beynəlxalq Mühəndislik Akademiyasının yaradılmasının 20 illik yubileyi münasibətilə “Mühəndislik rəşadəti” medalı ilə, 2013-cü ildə isə Azərbaycan Mühəndislik Akademiyasının “Mühəndislik rəşadəti” qızıl medalı ilə təltif edilmişdir.

300-dən artıq elmi əsərin, o cümlədən 50-dək patentin müəllifidir. Onun rəhbərliyi altında 20 fəlsəfə doktoru, 7 elmlər doktoru dissertasiyaları müvəffəqiyyətlə müdafiə edilmişdir.

Azərbaycan SSR Əməkdar Elm və Texnika xadimi, Azərbaycan SSR Dövlət mükafatı laureatıdır. Alim 1979-cu ildə “Şərəf Nişanı” və 2009-cu ildə “Şöhrət” ordeni ilə təltif edilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: