Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Ölkəmizin artan beynəlxalq nüfuzu bizi sevindirir
28.07.2020 10:47
  • A-
  • A
  • A+

Ölkəmizin artan beynəlxalq nüfuzu bizi sevindirir

Vaxtilə ulu öndər Heydər Əliyev demişdi: “Azərbaycan dünyaya günəş kimi doğacaq”. Bu gün Ümummilli liderin siyasi kursunun layiqli varisi, ölkə başçısı İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət nəticəsində Azərbaycanın əldə etdiyi beynəlxalq nailiyyətlər ulu öndərin böyük uzaqgörənliklə söylədiyi həmin sözlərin doğruluğunu sübut edir. Bu gün Azərbaycan dünya miqyasında tanınan, seçilən, söz sahibi, nüfuz sahibi olan bir ölkədir.

Bu günlərdə, dünyanı cənginə almış COVID-19 pandemiyası ilə qlobal mübarizə dövründə Azərbaycanın dünya miqyasında sayılıb-seçilməsi, nüfuzlu ölkə olması özünü bir daha təsdiq etdi. Prezident İlham Əliyev Qoşulmama hərəkatının onlayn formatında keçirilən Zirvə görüşündə BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr olunmuş xüsusi videokonfransının keçirilməsi təklifi ilə çıxış etdi. Bu təklif ölkəmizin beynəlxalq miqyasda aktivlik nümayiş etdirməsi ilə yanaşı, həm də onun pandemiya ilə mübarizədə ciddi mövqe tutduğunu bariz şəkildə əks etdirir.

BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi bu beynəlxalq qurumun tarixində çox az baş verən hadisədir. Xatırlayaq ki, bu vaxta qədər cəmi 30 belə iclas keçirilib. Quruma üzv ölkələrin böyük əksəriyyətinin dəstəyi ilə qeyd olunan tədbirin keçirilməsi qərara alınmışdır. Artıq bu məsələyə start verilmiş, bu sahədə ilk mühüm addımlar atılmışdır.

Azərbaycan Respublikasının dünya miqyasında əldə etdiyi bu möhtəşəm nailiyyət hər bir azərbaycanlını ürəkdən sevindirir. Prezident İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə həyata keçirilən bu mühüm tədbir ölkəmizin getdikcə artan beynəlxalq nüfuzunun daha bir göstəricisidir. Bu, Azərbaycan dövlətinin, onun liderinin dünya miqyasında əldə etdiyi etimadın nümunəsidir.

Həmişə olduğu kimi, bu dəfə də ölkəmizin bütün dünya üçün önəmli olacaq təklifinə dodaq büzənlər tapıldı. Onlar böyük cidd-cəhdlə bu təklifin guya əhəmiyyətsiz olduğunu, real nəticə verməyəcəyini “sübut” etməyə çalışdılar. Ən adi həqiqəti – pandemiya ilə mübarizədə beynəlxalq həmrəyliyin effektli vasitələrdən olduğunu unutdular. Həm də etiraz edənlər koronavirus məngənəsində boğulan bədnam qonşumuz və onun havadarları olsaydı, dərd yarı idi. Sapı özünüzdən olan baltalar, üzdəniraq “siyasətçi”lər bu nəcib təşəbbüsün əleyhinə bəyanatlar verməklə ermənilərə havadarlarından az dəstək vermədilər. Ancaq nə olsun? Atalar düz deyib: Yel qayadan heç nə qopara bilməz. Ölkə başçısının təklifi tələb olunduğundan da xeyli artıq səs çoxluğu ilə qəbul edildi, Azərbaycanın beynəlxalq uğurlar salnaməsinə daha bir parlaq səhifə yazıldı. Azərbaycan xalqı ölkəmizin beynəlxalq nailiyyətləri ilə, prezidentin liderlik məharəti ilə, sözünün dünyada keçərli olması ilə fəxr edir.

Düşmən dəyirmanına su tökən bəzi “siyasətçi”lərə isə üz tutub deyirik: Yerinizdə sakit oturun, insanların haqq işinə mane olmayın. Bu, hamımızın xeyrinədir. Əminik ki, gündən-günə möhkəmlənən Azərbaycan Respublikası beynəlxalq miqyasda irəli sürdüyü əməli təklifləri ilə pandemiyanın kökünün kəsilməsində əhəmiyyətli rol oynayacaq.

Xəzər Zeynalov, AMEA Memarlıq və İncəsənət İnstitutunun elmi işlər üzrə direktor müavini, Yeni Azərbaycan Partiyası institut təşkilatının sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.              

  • Paylaş: