Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

İsveçrədə koronavirusun ikinci dalğası başlayıb
28.07.2020 10:00
  • A-
  • A
  • A+

İsveçrədə koronavirusun ikinci dalğası başlayıb

İsveçrədə iyunun sonlarından başlayaraq koronavirusa yoluxma hallarının kəskin artması ekspertlərin və hakimiyyət orqanlarının narahatlığına səbəb olub.

Xarici KİV xəbər verir ki, ötən həftə ərzində yoluxanların orta günlük artımı 100 nəfərə çatıb. Halbuki iyunun birinci yarısında bu göstərici təxminən 20 nəfər təşkil edirdi.

Ölkədə pandemiyanın ikinci dalğasının başladığını düşünən ekspertlər məktəb və mağazalarda qoruyucu maska taxılmasının məcburi olmasını təklif edirlər. Hazırda İsveçrədə tibbi maska taxılması yalnız ictimai nəqliyyatda məcburidir. Artıq Vo və Yura kantonlarında vətəndaşlardan ictimai nəqliyyatda və mağazalarda maska taxmaq tələb olunur. Cenevrədə bu tədbir iyulun 28-dən qüvvəyə minəcək.

Bern Universitetinin alimlərinin riyazi modelləşmə metodu ilə apardıqları hesablamalarına görə, İsveçrə hakimiyyəti sərt karantin tədbirlərini martın 16-da deyil, bir həftə öncə tətbiq etsəydi, epidemiyanın birinci dalğası zamanı ölənlərin sayı 400 nəfəri ötməyəcəkdi. 

Qeyd edək ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer saytının son məlumatına əsasən, İsveçrədə indiyədək 34 min 412 yoluxma və 1977 ölüm faktı qeydə alınıb, 30 min 700 nəfər COVID-19 xəstəliyindən sağalıb. Ölkədə hər 100 min nəfərə düşən yoluxma sayı 401,7 nəfər, ölüm sayı isə 19,9 nəfərdir.

  • Paylaş: