Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Botanika İnstitutunun ərzaq təhlükəsizliyinə yönəldilmiş fəaliyyəti
27.07.2020 13:59
  • A-
  • A
  • A+

Botanika İnstitutunun ərzaq təhlükəsizliyinə yönəldilmiş fəaliyyəti

Qeyri-neft sektorunun prioritet sahələrindən olan kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektoru Azərbaycanın sosial-iqtisadi həyatında xüsusi əhəmiyyət kəsb etdiyindən ötən dövr ərzində iqtisadiyyatın əsas sahələrindən biri kimi müəyyənləşdirilmiş və müvafiq tədbirlərin həyata keçirilməsi nəticəsində onun inkişafı üçün əlverişli şərait yaradılmışdır. Bu istiqamətdə aparılan məqsədyönlü siyasət ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün əsasən mövcud potensialdan və torpaq ehtiyatlarından istifadənin səmərəsini yüksəltməklə istehsalın artırılmasına və məhsul bolluğunun yaradılmasına yönəldilmişdir.

Ölkə Prezidenti İlham Əliyev kənd təsərrüfatının inkişafı haqqında demişdir: “Kənd təsərrüfatının inkişafı ilə bağlı görülən tədbirlər öz bəhrəsini verir. Əminəm ki, biz növbəti illərdə çalışıb bu dinamikanı saxlamalıyıq. Mən dəfələrlə bu barədə fikirlərimi bildirmişəm. Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üçün əsas sahələrdən biridir və məşğulluğun təmin edilməsi üçün əsas sahədir. Çünki əhalimizin təxminən yarısı bölgələrdə, yəni kənd yerlərində yaşayır. Ümumiyyətlə, kənd təsərrüfatı məhsullarının istehsalında özümüzü yüz faiz təmin etmə prinsipi tətbiq edilir. Yaxın illərdə biz özümüzü ərzaq məhsulları ilə yüz faiz təmin edəcəyik”. Sözsüz ki, son illərdə kənd təsərrüfatına dövlət qayğısının artması ölkəmizdə məhsul istehsalına güclü təkan vermişdir. Bu məqsədlə AMEA-nın Botanika İnstitutu da kənd təsərrüfatının inkişafı üçün müəyyən işlər həyata keçirir.

Qeyd etmək lazımdır ki, ənənəvi kənd təsərrüfatı sektorunda bitkilərin sağlamlığı, məhsuldarlıq və keyfiyyət göstəriciləri ilə bağlı innovativ aqronomik strategiyaların hazırlanması üçün seçilmiş yabanı və mədəni yem bitkiləri arasında qarşılıqlı əlaqə haqqında elmi məlumatlar məhduddur. Son illər Orta Kür-Araz ovalığının gilli və şorlaşmış torpaqlarında iqlim dəyişkənliyi şəraitində bir sıra yem bitkilərinin adaptasiya potensialının müəyyənləşdirilməsi üzrə Botanika İnstitutunun Kürdəmir rayonunda yerləşən Kərrar Təcrübə Məntəqəsinin (KDM) ərazisində aparılan tədqiqatlar məhz bu məqsədə xidmət edir. Belə ki, təcrübələr zamanı sorqo, qarğıdalı, amarant, darı, raps, yonca, şəkər çugunduru və Şoran Torpaqlarda Əkinçiliyin İnkişafı üzrə Beynəlxalq Mərkəz (ICBA) tərəfindən tövsiyə edilən kinoya kimi bir sıra əhəmiyyətli yerli və xarici yem bitkilərindən istifadə edilmişdir. Digər yem bitkiləri ilə yanaşı, AMEA-nın Botanika İnstitutu tərəfindən ölkəmizdə ilk dəfə öyrənilən kinoya bitkisinin inkişafı və məhsuldarlığına abiotik amillərin təsirləri araşdırılmış, allometrik əlaqələr və abiotik stresə davamlılıq dərəcələri təyin edilmişdir.

Orta Kür-Araz hövzəsi ərazisində quraq və yarımquraq iqlimin hökm sürməsi, aşağı keyfiyyətli müxtəlif səviyyəli şorlaşmış və şorakət torpaqların, həmçinin şirin su qıtlığının mövcudluğu, müasir əkinçilik sisteminin və suya qənaət edən muasir texnologiyanın yoxluğu davamlı qida istehsalını çətinləşdirir. Bu baxımdan az məhsuldar kənd təsərrüfatı ekosisteminin qiymətləndirilməsi, məhsuldar yem bitkiləri istehsalının elmi əsaslarının hazırlanması, şorlaşmış torpaqların keyfiyyətinin yaxşılaşdırılması tədbirlərinin həyata keçirilməsi məqsədəuyğundur. Botanika İnstitutunun əməkdaşları tərəfindən aparılan tədqiqatlar nəticəsində bitkilərin morfoloji və fizioloji parametrləri, allometrik əlaqələri və davamlılıq mexanizmlərinin öyrənilməsi kinoya bitkisinin duz və quraqlıq stresinə qarşı digər yem bitkilərindən daha dözümlü olduğu müəyyənləşdirilmışdir. 

Marginal mühitdə gələcək ərzaq və qida təhlükəsizliyi üçün olduqca vacib olan kinoyanın bir neçə sortlarının istifadəsi baxımından Kür-Araz ovalığında şoran torpaqların fitobərpası, kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində aparılan işlərin genişləndirilməsi perspektivləri ön plana keçir. Bizim son məqsədimiz innovasiya və texnologiya transferi üçün dövlət və özəl sektorlarda çalışan elm adamlarını bir araya gətirmək, bu sektorlar arasında əməkdaşlıq imkanlarını araşdırmaq, tədqiqat, istehsal, mübadilə və bazar imkanlarını seçmək, təcrübəli və gənc mütəxəssisləri birlikdə bu təqiqatlara qoşmaqdan ibarətdir . 

Qeyd edək ki, Cənubi Amerika əhalisinin əsas qida mənbələrindən olan kinoya bu günə qədər 100-dən çox ölkənin kənd təsərrüfatı - ərzaq istehsalına daxil olub və nəticədə BMT tərəfindən 2013-cü il Beynəlxalq Kinoya İli adlandırılmışdır. Kinoya bitkisi digər dənli bitkilərlə müqayisədə, yüksək miqdarda zülala malik olduğundan və tərkibi əhəmiyyətli dərəcədə bir sıra minerallar, nişasta, lipidlər, amin turşuları, tiamin, fol turşusu və vitaminlərlə zəngin olduğundan hazırda müxtəlif aqrar-sənaye istiqamətlərində istifadə edilir. Kinoya bitkisi geniş çərçivədə abiotik stresə (isti, soyuq, yuxarı dərəcədə şorlaşma, duzlu sularla suvarma, su qıtlığı, quraqlıq, qida elementlərinin azlığı və s.) davamlı olmaqla “super bitki” və “gələcəyin qidası” adlarını qazanmış, həmçinin şorlaşmış torpaqların biobərpasında və meliorasiyasında müvəffəqiyyətlə tətbiq edilməkdədir. Kinoyanın gövdə və yarpaqları isə heyvandarlıq və quşçuluqda yem kimi geniş istifadə edilir.

2014-cü ildən respublikamızda ilk dəfə olaraq AMEA Botanika İnstitutunun Kürdəmir bazasında İCBA ilə birlikdə həyata keşirilən “Aral və Xəzər dənizi hövzələrinin az məhsuldar torpaqlarında ərzaq təhlükəsizliyinin yüksəldilməsi” mövzusunda müştərək layihə üzrə kinoya və bir sıra qida və yem əhəmiyyətli bitkilərlə təcrübələr aparılmış və müəyyən perspektivli nəticələr əldə edilmişdir. Hazırda təcrübələr davam etməkdədir. Bu bitkinin kənd təsərrüfatına daxil edilməsi Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyi, kənd təsərrüfatının inkışafı, torpaq, su və bitki ehtiyatlarının və biomüxtəlifliyin mühafizəsi, eləcə də marginal və şorlaşmış ərazilərin yaxşılaşdırılması üzrə Dövlət Proqramlarının yerinə yetirilməsində öz müsbət töhfəsini verə bilər.

Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadənin rəhbərliyi ilə həyata keçirilən bu iş proqramı çərçivəsində doktorant Xatirə Qasımova və magistr Emin Hüsüyev Türkiyənin Ankara Universitetində elmi ezamiyyətdə olmuşlar. Gənc mütəxəssislər Kürdəmir rayonunda yerləşən Kərrar dayaq məntəqəsində yem bitkilərinin inkişafına abiotik stresin təsiri üzrə həyata keçirilən elmi-tədqiqatlar zamanı götürülmüş bitki və torpaq nümunələri üzərində analizlər aparmışlar. Cari ildə təcrübələrdə yerli və İCBA tərəfindən tövsiyə edilən kinoya, sorqo, qarğıdalı, amarant, darı, yonca kimi 8 bitkidən istifadə edilmişdir. Həmçinin Rusiya Elmlər Akademiyasının L.Komarov adına Botanika İnstitutunun anatomiya və morfologiya laboratoriyasının müdiri, prof. O.V.Yakovleva və prof. T.Kravtsova ilə birlikdə Botanika İnstitutunun gənc tədqiqatçıları tərəfindən skanedici elektron mikroskop vasitəsilə müxtəlif növ Quinoa (kinoya) bitkilərinin toxum və tozcuqlarının anatomik xüsusiyyətlərinin müqayisəli təhlilinin aparılması nəticəsində bu bitkinin abiotik stresə (duz və quraqlıq) digər yem bitkilərindən daha dözümlü olduğu müəyyənləşdirilmışdir.

Kürdəmir Təcrübə Stansiyası şəraitində təqdim olunan bütün Kinoya nümunələri ontogenezin bütün inkişaf mərhələlərini keçərək, canlı toxum əmələ gətirmə mərhələsinə qədər çatmışdır. Bu da yeni yem bitkiləri sortlarının seçilməsi, əkinçiliyə daxil edilməsi və şorlaşmış ərazilərin münbitliyinin fitobərpa edilməsinə imkan verəcəkdir. Beləliklə, həyata keçirilmiş müvafiq elmi yanaşmalar və tədbirlər nəticəsində kinoya, amarant, sorqo, barı bitkiləri çox yüksək duzluluqda inkişaf etmiş, zəif, orta və yüksək şorlaşmış torpaqlarda isə bitkilərin böyüməsi arasındakı fərqlər əhəmiyyətli dərəcədə azalmışdır.

Həmçinin AMEA Mərkəzi Nəbatat Bağının əməkdaşlarının iştirakı ilə ərazidə su və külək eroziyasının qarşısının alınması məqsədilə fitomeliorativ tədbirlər görülmüş, ekoloji baxımdan davamlı və region üçün iqtisadi əhəmiyyətli olan  5000-dən artıq ağac bitkisinin əkini həyata keçirilmişdir. Qeyd etmək lazımdır ki, KDM-nın rəisi Nəriman Orucovun rəhbərliyi altında tarlada Botanika İnstitutunun alimləri ilə birlikdə bir çox kənd sakinləri, aqrotexniklər də çalışır və bu da görülən çöl işlərinin müvəffəqiyyətini təmin edir.

Beləliklə, Botanika İnstitutu tərəfindən müşahidələr və tədqiqatlar Kür-Araz ovalığının az məhsuldar şoranlaşmış torpaqlarında ərzaq təminatının yüksəldilməsi üçün yeni sortların seçilməsi, əkinçiliyə daxil edilməsi və şoranlaşmış ərazilərin münbitliyinin fitobərpa edilməsinə imkan verir.

AMEA-nın Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: