Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Qafqazşünaslıq İnstitutunun əməkdaşının əsərləri yüksək indeksli elmi bazalara daxil olan jurnallarda dərc edilib
24.07.2020 11:24
  • A-
  • A
  • A+

Qafqazşünaslıq İnstitutunun əməkdaşının əsərləri yüksək indeksli elmi bazalara daxil olan jurnallarda dərc edilib

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadənin Çilidə nəşr edilən və “Web of Science” bazasına daxil olan “Revista Inclusiones” jurnalında məqaləsi dərc edilib.

“1998-2008-ci illərdə Ermənistan-İran əlaqələrinin geosiyasi və regional təhlili” adlanan məqalə jurnalın 2020-ci il üzrə 7-ci (iyul-sentyabr) nömrəsinə daxil edilib. Məqalənin girişində Levon Ter-Petrosyanın hakimiyyəti illərində Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonları işğal etməsindən, işğalın təkcə iki dövlət üçün deyil, bütün region ölkələrinin, o cümlədən İranın təhlükəsizliyi üçün təhdid olmasından bəhs edilib. Məqalədə 1998-2008-ci illərdə Ermənistan-İran əlaqələrinin əsas istiqamətləri, iki dövlət arasında imzalanan müqavilələrinin mahiyyəti müqayisəli təhlil olunub.

Məqalənin dərc olunduğu jurnal “Web of Science” ilə yanaşı, 38 elmi qurum və universitetin bazalarına daxildir. Bu elmi bazalar sırasında dünyanın nüfuzlu Prinston, Stenford, Vrotslav, Saskaçevan universitetlərinin də adı var.

Müəllifin digər bir məqaləsi isə Vyanada Avstriya humanitar və sosial elmlər jurnalının may-iyun ayına olan 5-6-cı nömrəsində dərc edilib. Index Copernicus bazasına daxil olan bu jurnal qlobal impakt faktora malikdir.

“1991-ci ildən sonra İran İslam Respublikasının Ermənistan siyasəti: geosiyasi şərtlər və reallıqlar” adlanan məqalədə iki ölkə arasında münasibətlərin əsas xüsusiyyətləri ayrı-ayrı mərhələlər üzrə müqayisəli təhlil edilib. Məqalənin nəticə hissəsində Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanın İran İslam Respublikasının regiondakı maraqlarına qarşı mövqeyi, iki ölkə arasında təklif olunan bəzi layihələrin perspektivsizliyi əsaslandırılıb və İran üçün alternativlərin nədən ibarət olması məsələsinə toxunulub.

Qeyd edək ki, gənc tədqiqatçı hazırda AMEA-nın müxbir üzvü Musa Qasımlının elmi məsləhətçiliyi ilə siyasi elmlər doktorluğu dissertasiyası üzərində işləyir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: