Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə irəli sürdüyü təklifi qlobal liderliyin göstəricisidir
23.07.2020 12:06
  • A-
  • A
  • A+

Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə irəli sürdüyü təklifi qlobal liderliyin göstəricisidir

Dünyada koronavirus (COVID-19) pandemiyası başlayandan bu günə kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz tərəfindən koronavirusa qarşı regional və qlobal səviyyədə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi istiqamətində bir sıra məqsədyönlü təşəbbüslər irəli sürülmüşdür. Belə ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə bu ilin aprel ayında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dövlət və hökumət başçıları səviyyəsində fövqəladə Zirvə görüşü keçirilmiş və  mayın 4-də isə Qoşulmama Hərəkatının Təmas Qrupunun Koronavirus (COVID-19)  pandemiyasına həsr edilmiş onlayn Zirvə görüşü təşkil edilmişdir. Bu tədbirdə Qoşulmama Hərəkatına üzv dövlətlərlə yanaşı, BMT-nin Baş katibi, BMT Baş Assambleyasının prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak edirdilər.  

Prezident İlham Əliyev Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürmüşdür. Məlum olduğu kimi, BMT Nizamnaməsinə əsasən, Baş Assambleya ehtiyac duyulduğu təqdirdə xüsusi sessiyalar keçirə bilər. Xüsusi sessiyalar BMT Təhlükəsizlik Şurasının və ya üzv ölkələrin çox hissəsinin müraciəti əsasında Baş katib tərəfindən çağırılmalıdır. BMT-nin təsis olunmasından indiyə qədər Baş Assambleyanın xüsusi sessiyaları məhdud sayda keçirilib.

BMT Nizamnaməsinin bu tələblərinə baxmayaraq, sözügedən təklif Qoşulmama Hərəkatına 120 üzv ölkə arasında yekdilliklə razılaşdırılıb. Habelə, Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyev Qoşulmama Hərəkatı ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə Baş katib Antonio Quterreşə müraciət ünvanlayıb. BMT Baş katibi 2020-ci ilin mayın 28-də Baş Assambleyanın “Prosedur Qaydaları” adlı sənədin 9 (a) bəndinə uyğun olaraq bütün üzv ölkələrə müraciət edərək 30 gün müddətində təşəbbüsə dair münasibət bildirilməsini xahiş etmişdir.  Məlum olduğu kimi, cənab Prezident İlham Əliyevin təşəbbüsünə dünyanın 130-dək ölkəsi dəstək vermişdir.

Fikrimizcə, BMT Baş Assambleyasının xüsusi sessiyası pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyətin səfərbər edilməsinə şərait yaradacaq  və pandemiyaya qarşı  birgə mübarizədə öz müsbət töhfəsini verəcək. 

Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın nöbəti göstəricisidir. Dövlətimizin bu böyük qələbəsi ilə bağlı Azərbaycan Respublikasının hər bir vətəndaşı kimi biz də Prezidentimiz cənab İlham Əliyevin irəli sürdüyü təşəbbüsü dəstəkləyir və bununla qürur duyuruq. 

Rasim Ağasiyev, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun Əcnəbilərin hüquqları və miqrasiya şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru, dosent

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: