Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanın ilk onlayn videokonfrans sistemi sınaqdan uğurla keçib
22.07.2020 20:21
  • A-
  • A
  • A+

Azərbaycanın ilk onlayn videokonfrans sistemi sınaqdan uğurla keçib

AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) rezidenti statusunu əldə etmiş “Emsys” şirkətinin yaratdığı videokonfranslar, kollektiv onlayn müzakirələr və müxtəlif növ kütləvi onlayn tədbirlərin keçirilməsi üzrə virtual platforma kimi istifadə imkanlarına malik olan, müasir tələblərə cavab verən, xüsusilə ilk yerli istehsal olan proqram sistemi sınaqdan uğurla keçib və istifadəyə yararlı hesab olunub.

Bu fikri sistemin elmi-texniki məsləhətçisi, AMEA YT Parkın direktoru, akademik, Əli Abbasov bildirib. O, qeyd edib ki, bu proqram vasitəsilə  YT Park və “Emsys” şirkətinin nümayəndə heyətlərinin birgə iştirak etdiyi sınaq videokonfransı keçirilib və proqramın keyfiyyəti Parkın nümayəndələri tərəfindən yüksək qiymətləndirilib.

Sistem COVID-19 və digər bu kimi problemlərlə üzləşən təşkilatların daha çevik və effektiv kommunikasiyası üçün geniş imkanlar açır və müasir tələblərə cavab verməklə yanaşı, dünyadakı digər analoqlarından fərqli olaraq milli təhlükəsizlik baxımından daha əlverişlidir.

Xarici analoqları ilə eyni, həmçinin ölkəmizin spesifik tələblərinə uyğun əlavə funksiyaları istifadəçilərinə təqdim edən, informasiya təhlükəsizliyi baxımından əlverişli olan bu sistem Azərbaycanda onlayn konfranslar üçün optimal platforma hesab edilə bilər. 

Qeyd edək ki, “Emsys” şirkəti təhsilin idarə edilməsi üçün “Empro” platformasını yaradıb. İntellektual tədris idarəetmə sisteminə ali təhsil müəssisəsinin idarə olunması üçün müasir tələblərə cavab verən çoxsaylı modullar, o cümlədən distant təhsilin təşkili üçün həllər də daxildir. Beynəlxalq təcrübə göstərir ki, distant təhsil böyük potensiala malikdir və yaxın illərdə demək olar ki, hər bir universitetin zəruri tədris alətlərindən olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: