Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Erməni təxribatına tutarlı cavab
20.07.2020 12:16
  • A-
  • A
  • A+

Erməni təxribatına tutarlı cavab

Məkrli erməni faşistləri Tovuz bölgəsində hərbi qarşıdurmaya can atdılar. Lakin məqsədyönlü törədilən erməni təxribatına tez bir zamanda Milli Ordumuz tərəfindən layiqli cavab verildi.

Son günlər Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini mütəmadi şəkildə pozaraq Azərbaycan Ordusunun mövqelərini atəşə tutması bir neçə hərbi qulluqçumuzun ölümünə və yaralanmasına səbəb oldu. Eyni zamanda, Ermənistan məkrli və çirkin siyasətini davam etdirərək cəbhə bölgəsinə yaxın ərazilərdə yerləşən kəndlərimizin dinc əhalisini də iriçaplı silahlardan və ağır artilleriyadan atəşə tutdu. Nəticədə dinc sakinlər arasında da həlak olan və yaralananlar var. Belə ki, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri artilleriya qurğularından istifadə etməklə Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini ələ keçirmək məqsədilə hücuma keçməyə cəhd göstərsə də, düşmənə sarsıdıcı zərbələr endirildi, onlar hərbi texnika və canlı qüvvə itkisinə məruz qaldılar.

Artıq 30 ildir ki, Azərbaycan torpaqlarının iyirmi faizi işğal olunub. Bu müddət ərzində Azərbaycan münaqişəni dinc yolla həll etməyə çalışıb. Lakin Ermənistanın işğalçılıq siyasəti hələ də davam etməkdədir. Düşmən atəşkəs rejimini mütəmadi pozur və tez-tez sərhədboyu ərazilərimizdə təxribatlar törədir. Bizim müasir texnika və hərbi silahlarla təchiz olunmuş güclü ordumuz var. Bu hərbi qüvvələrlə Azərbaycan Ordusu düşmənin bütün həmlələrini dəf etməyə qadirdir. Son illərdə bir neçə hərbi əməliyyatdan zəfərlə çıxan Milli Ordumuz öz gücünü və qüdrətini bir daha sübuta yetirdi.

Erməni tərəfi Azərbaycana qarşı yalnız hərbi təxribat törətmir, eyni zamanda, informasiya müharibəsi aparır. Bəllidir ki, düşmənin əsas məqsədlərindən biri də xalqımız arasında çaşqınlıq, təşviş, orduya inamsızlıq yaratmaqla psixoloji qələbəyə nail olmaqdır. Lakin düşmənlərimiz heç zaman məqsədlərinə çata bilməyəcəklər. Çünki xalqımız və dövlətimiz birdir, yekdildir.

Beynəlxalq arenada Azərbaycanın siyasi nüfuzunun gündən-günə artması və mövqelərinin güclənməsi Ermənistanı yenə də sarsıtdı. Elə buna görə də Azərbaycana təcavüzkar damğası vurmağa çalışan məkrli ermənilər müxtəlif uydurma və şayiələr yaymaqla öz niyyətlərini həyata keçirmək istədilər. Lakin onların istək və arzuları Azərbaycan xalqının birliyi sayəsində puç edildi.

Bu gün ölkəmiz müasir silahlarla təchiz olunmuş güclü orduya malikdir.

Xalqımızın bütün nümayəndələri kimi, alimlər də hər zaman Ali Baş Komandanımızın və Milli Ordumuzun yanındadır!

Rəfiqə Ağakişiyeva, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: