Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Ermənistanın müstəqillik tarixini “rüsvayçılıq tarixi” edən məqamlar
17.07.2020 10:25
  • A-
  • A
  • A+

Ermənistanın müstəqillik tarixini “rüsvayçılıq tarixi” edən məqamlar

Azərbaycan torpaqlarında yaradılan Ermənistan bölgədə və beynəlxalq aləmdə daha çox işğalçı, daxili sabitliyə malik olmayan, dərin siyasi böhran içində olan respublika kimi tanınır. Bu ölkədə günü-gündən dərinləşən siyasi və iqtisadi böhran, hakimiyyət çəkişmələri hökm sürür.

Prezident İlham Əliyev Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında iştirak edərkən bildirib ki, Ermənistanın prezidentləri rüşvətxor, generalları oğru, qəhrəmanları cinayətkardır: “Ermənistan artıq bir neçə ildir ki, dərin böhran içindədir. Deyə bilərəm ki, Ermənistanın müstəqillik tarixi, prinsipcə, rüsvayçılıq tarixidir. Çünki indiki iqtidar artıq dəfələrlə bəyan və sübut edib ki, 1998-ci ildən 2018-ci ilə qədər Ermənistana rəhbərlik etmiş şəxslər cinayətkardır, oğrudur, quldurdur. Onların bir çoxu həbs edilib. Məlum olub ki, onların generalları oğru, qəhrəmanları cinayətkar, prezidentləri rüşvətxordur. Artıq bütün dünya bunu bilir”.

Bu fikirləri AMEA-nın Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev müsahibəsində səsləndirib.

Ermənistan, ümumiyyətlə, müstəqil dövlət kimi heç bir müsbət imicə malik deyil, o, daha çox müəyyən ölkələrin forpostu kimi özünü təqdim edir. Azərbaycan torpaqlarında Ermənistan dövləti yaradıldıqdan bu günə kimi ermənilərin özlərini rüsvay etdiyini deyən Q.Hacıyev ermənilərin bu rüsvayçılığı 1998-ci ildən bəri davam etdirməkdə olduğunu vurğulayıb: “Cənab Prezident gündəmə çox ciddi bir məsələni gətirib. Ermənistanın müstəqillik tarixi doğrudan da rüsvayçılıqlarla doludur. Ermənilərin XIX əsrdə bizim torpaqlara köçürülməsindən, XX əsrin əvvəllərində Azərbaycan ərazilərində yaradılan Ararat Respublikasından indiyə qədər onların “dövlətçilik” tarixlərinin hansı rüsvayçılıqlarla zəngin olduğu dünya tarixçilərinə məlumdur. Saxta, qondarma tarix yaratmaqla öz müstəqillik tarixlərinin də saxta olduğunu meydana qoyurlar”. 

Alim qeyd edib ki, XX əsrin sonlarına yaxın SSRİ-yə daxil olan respublikalarda milli azadlıq hərəkatları başlasa da, imperiyaya qarşı mübarizə gücləndirilsə də, dövlət müstəqillikləri uğrunda savaşsalar da, Ermənistanda bu proseslər baş vermədi, onlar yenə də rəsmi Moskvaya, onun ayırdığı ianəyə sığındılar. “Ermənistanda müstəqil respublika ermənilər tərəfindən yaradılmayıb, bu, Sovetlər dağıldıqdan sonra rəsmi Moskva tərəfindən bağışlanmış “müstəqillikdir”. Bu “müstəqil dövlət”ə kimlər rəhbərlik etmişdi, onlar kimlər idi? Xaricdəki erməni diasporundan tapşırıq alan erməni qruplaşmaları separatçılığa, quldurluğa, cinayətkarlığa davam etməyə başladılar və nəticədə diaspor ermənisi Levon Ter-Petrosyanı hakimiyyətə gətirdilər. Petrosyan isə dövlət quruculuğu, siyasi və iqtisadi böhranı tərəqqi ilə əvəz etmək yerinə, ərazi iddialarına başladı, Cənubi Qafqazda çaxnaşmalar yaradan hərəkətlərlə məşğul oldu. Məlumdur ki, o vaxt indiki Ermənistan ərazisində yaşayan 200 mindən artıq azərbaycanlı deportasiya edildi. Ermənistan silah alaraq öz arsenallarını möhkəmləndirmək, sonradan isə müharibə aparmaq cəhdlərini ortaya qoydu. Petrosyanın rəhbərliyilə Ermənistanda silahlanmış hərbi-cinayətkar qüvvələr Azərbaycanın ərazi bütövlüyünə əl atdılar və torpaqlarımızın 20 faizini işğal etdilər.

Həmin dövrdə Ermənistanın özünün daxilində vəziyyət necə idi? Ermənistanın daxilində aclıq və dəhşətli fəlakətlər baş verdiyi halda, heç bir iqtisadi irəliləyişlə məşğul olmayan hökumətin işi Rusiyanın göstərişləri ilə başqa dövlətləri narahat etmək idi. Petrosyan hakimiyyətdən gedəndən sonra Ermənistanda yeni cinayətkar qüvvələr meydana çıxdı və hakimiyyəti ələ aldılar. Bu o vaxt idi ki, Petrosyan Dağlıq Qarabağ probleminin həlli istiqamətində addımlar atmağa müəyən razılıq vermişdi. Bu cinayətkar qüvvələr separatçı rejimdən 600 adam ataraq Petrosyan hakimiyyətinə qarşı narazılıq törətdilər, nəticədə isə onu devirdilər.

Ondan sonra hakimiyyətə kimlər gəldi? Bir diaspor ermənisi hakimiyyətdən getdi və əvəzinə Dağlıq Qarabağda adi vəzifə tutan bir adam, separatçılara başçılıq edən və quldur, cinayətkar dəstənin başçısı Robert Köçəryan cinayət yolu ilə Ermənistanda hakimiyyəti ələ keçirdi: “Beləliklə, Köçəryan xeyli müddət Ermənistanı idarə etdi. Necə idarə etdiyi də məlumdur. Bu haqda kitablarda, məqalələrdə yazılıb ki, Köçəryanın yaratdığı quldur dəstələri ancaq soyğunçuluqla, saxtakarlıqla, korrupsiya ilə məşğul olublar. Ondan sonra hakimiyyətə gələn Serj Sarkisyanla öz aralarında razılığa gələrək hakimiyyəti bölüşdürüblər. O da hakimiyyətə gələndən sonra ölkəni böhrandan çıxarmaq üçün hansısa iqtisadi inkişafın, siyasi gedişlərin əhəmiyyətinə varmadan ətrafına quldur dəstələri, cinayətkar qruplaşmalar toplayıb”.

Hərbi cinayətkarlar Köçəryan və Sarkisyanın apardığı siyasət Ermənistanı o vəziyyətə gətirib çıxardı ki, ayağa durub dirçələ bilməyən, inkişafdan qalan bu ölkəni yenidən nümayişlər, etirazlar dalğası bürüdü: “Hətta deyərdim ki, bu etirazlar nəticəsində ermənilər küçədən gələn avantürist Paşinyanın ətrafında toplandılar. Guya Paşinyanın “inqilabı” nəticəsində Ermənistanda yeni hakimiyyət quruldu. Ermənistanın müstəqillik tarixi özü başdan-başa rüsvayçılıqlarla doludur, müxtəlif cinayətkar qrupların bu ölkəni idarə etməsi nəticəsində saysız rüsvayçılıq halları baş verib. Bu rüsvayçılıqlar bu gün də davam edir.

“Son 20 ildə Ermənistana rəhbərlik edənlərin hamısı cinayətkar, quldur və korrupsiyaya bulaşmış adamlardır”, – deyə bildirən alim onların həm də hərbi cinayətkarlar olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Ermənistanda bir adam hakimiyyətdən gedən kimi onun yerinə gələn şəxs özündən əvvəlki hökumət rəhbəri barəsində cinayət işi qaldırılmasına, onun həbsxanaya atılmasına nail olur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: