Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.11.2014 00:00
  • A-
  • A
  • A+

Ümumdünya Fəlsəfə Günü ilə əlaqədar Beynəlxalq elmi konfrans keçirilib

Ümumdünya Fəlsəfə Günü ilə əlaqədar Beynəlxalq elmi konfrans keçirilib

AMEA Fəlsəfə və Hüquq İnstitutunda Ümumdünya Fəlsəfə Gününə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib.

“Müasir dünyada fəlsəfənin mənəvi funksiyası” mövzusunda təşkil olunan konfransda azərbaycanlı alimlərlə yanaşı, misirli, mərakeşli və fransız tədqiqatçılar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan institutun direktoru, fəlsəfə üzrə elmlər doktoru İlham Məmmədzadə beynəlxalq fəlsəfə və tolerantlıq günlərinin tarixindən danışıb. “Fəlsəfə və mənəviyyat” adlı məruzəsində o, etika və əxlaqın fəlsəfə ilə bağlılığı, fəlsəfə və mənəviyyatın birləşməsi məsələlərinə toxunub. İ.Məmmədzadə fəlsəfəni təşkil edən elmlərlə, xüsusilə etika, ontologiya və fenomenologiya ilə əlaqədar fənnlərarası işlər aparılmasının vacibliyini vurğulayıb.

YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının nümayəndəsi Mustafa Şabanov təşkilatın prioritet mövzularının fəlsəfə və onun aktual problemləri ilə bağlı olduğunu bildirib. O, YUNESKO-nun proqramlarında fəlsəfə və düşüncə sərbəstliyinin təşviq edilməsi istiqamətində tədbirlərin, layihələrin həyata keçirildiyini diqqətə çatdırıb.

“Əxlaqın labirintləri və insan təbiəti” mövzusunda çıxışında Mərakeş Krallığının Azərbaycandakı səfiri, doktor Həsən Hami cəmiyyətin insan xislətinə təsiri və insanların mənəvi dəyərlərindən söz açıb.

Fəlsəfə və ictimai fikir tarixi şöbəsinin baş elmi işçisi, fəlsəfə üzrə elmlər doktoru Zümrüd Quluzadənin məruzəsi “Müasir Azərbaycan fəlsəfəsinin vəzifələri” mövzusunu əhatə edib. O, bu gün Azərbaycanda ali məktəblərdə fəlsəfənin tədrisi, bu fənnin dərslikləri ilə bağlı problemlərin olduğunu və universitetlərlə bu istiqamətdə qarşılıqlı işlər görülməsinə ehtiyac duyduğunu ifadə edib.

Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşlıq və mədəniyyət üzrə müşaviri İv Zobermanın “Fransada gənclər və fəlsəfə” adlı çıxışı cəmiyyətdəki işsizlik probleminə həsr olunub. “İnsan cəmiyyətə yalnız gördüyü işlər vasitəsilə inteqrasiya edə bilər” deyən müşavir bildirib ki, hazırda cəmiyyətin inkişafı istiqamətində maarifləndirici addımlar atılmalıdır.

Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət üzrə attaşesi, Misir Mədəniyyət Mərkəzinin müdiri, doktor Əhməd Sami Abdelfattah Elaydy məruzəsində müasir dövrdə Misirdə aparılan fəlsəfi tədqiqatlardan, xüsusilə İslam fəlsəfi fikrinin intibahından danışıb.

“Multikulturalizm və dialoq fəlsəfəsi kontekstində tolerantlıq” adlı məruzəsi ilə çıxış edən Fəlsəfə və Hüquq İnstitutunun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Roida Rzayeva multikulturalizmin tolerantlıq və postmodernizmlə əlaqəsindən söz açıb. O, son illər Azərbaycanın multikulturalizm, dialoq sahəsində tədbirlərin keçirilməsi ilə bağlı ənənəvi məkana çevrildiyini söyləyib. Bildirib ki, bu il “dünya dəyərləri sorğusu altında” aparılan tədqiqatlara əsasən, Azərbaycan dünyanın ən tolerant ölkəsi müəyyən olunub.

Tədbirin davamında institutunun elmi işlər üzrə direktor müavini, hüquq üzrə elmlər doktoru, prof. Bəhram Zahidovun “Azərbaycanda hüquqi dövlət – fəlsəfi təlimlərin siyasi-hüquqi nəticəsi kimi”, institutun şöbə müdiri, fəlsəfə üzrə elmlər doktoru Rəfiqə Əzimovanın “Fəlsəfi prinsiplər gələcəyin oriyentirləri kimi”, fəlsəfə üzrə elmlər doktoru Füzuli Qurbanovun “Sosial-mədəni özünütəşkil və mənəviyyat”, fəlsəfə üzrə elmlər doktoru Əbülhəsən Abbasovun “Fəlsəfənin birləşdirici və nizamlayıcı funksiyaları haqqında”, filologiya üzrə fəlsəfə doktoru Zöhrə Əliyevanın “Qloballaşma və əxlaqi dəyərlər” mövzusunda məruzələri dinlənilib.

Qeyd edək ki, Beynəlxalq Fəlsəfə Günü YUNESKO-nun 2002-ci ildə qəbul etdiyi qərarla ənənəvi olaraq noyabrın üçüncü həftəsində təşkil olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.nizamimuseum.az saytına istinad zəruridir.
  • Paylaş: