Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Akademik Diskussiya Platformasının növbəti elmi seminarı keçirilib
10.07.2020 10:23
  • A-
  • A
  • A+

Akademik Diskussiya Platformasının növbəti elmi seminarı keçirilib

Akademik Diskussiya Platformasının təşkilatçılığı ilə “Azərbaycanın arxeoloji və etnoqrafik materiallarında qadın kultu” mövzusuna həsr edilmiş növbəti elmi seminar keçirilib.

Onlayn təşkil olunan seminarın məruzəçiləri AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Etnoqrafiya fondunun müdiri, t.ü.f.d. Sevinc Nəsirova və muzeyin Arxeologiya fondunun müdiri, t.ü.f.d. Aida İsmayılova olub.

“Qadın kultu, yoxsa matriarxat” adlı məruzə ilə çıxış edən Aida İsmayılova mövzu ilə bağlı nəzəri fikirlərə diqqət çəkərək, arxeoloji materiallar əsasında əldə olunmuş faktlardan söz açıb. Digər məruzəçi Sevinc Nəsirova isə “Azərbaycanda qadın kultu və qadınla bağlı inanclar” mövzusunu etnoqrafik araşdırmalar çərçivəsində təqdim edib.

Məruzəçilər iddiaların əsas qaynağı sayılan arxeoloji qazıntılardan əldə edilən artefaktlar və etnoqrafik əsərləri analiz edərək dişi fiqurları və onların semantikası haqqında araşdırmaları təqdim ediblər.

Tədbirdə arxeologiya, antropologiya, etnoqrafiya, sosiologiya, tarix, beynəlxalq münasibətlər, folklor, filologiya,  coğrafiya və s. kimi elm sahələrinin gənc araşdırmaçıları iştirak edib.

Qeyd edək ki, Akademik Disskusiya Platforması AMEA ilə yanaşı, digər elmi təşkilatlarda fəaliyyət göstərən gənc tədqiqatçılardan təşkil olunub. Platformanın məqsədi multidisiplinar metodlar əsasında seminar və konfranslar təşkil etmək, müxtəlif sahələrdə çalışan gəncləri yerli və beynəlxalq araşdırmalara sövq etməkdir. Akademik Diskussiya Platforması “COVID-19” pandemiyası ilə əlaqədar tətbiq olunan xüsusi karantın rejimi müddətində müxtəlif rəqəmsal kommunikasiyalar üzərindən fəaliyyət göstərir. Platforma post-pandemiya dövründə vizual araşdırmaları nəzərdə tutan proqram hazırlayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: