Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Coğrafiyaşünas alim “Ekoetika” verilişində şirin su çatışmazlığı ilə bağlı tədqiqatlardan danışıb
08.07.2020 11:57
  • A-
  • A
  • A+

Coğrafiyaşünas alim “Ekoetika” verilişində şirin su çatışmazlığı ilə bağlı tədqiqatlardan danışıb

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Kür çayında yaranmış vəziyyətlə əlaqədar tədqiqatları davam etdirir.

Azərbaycan televiziyasında institutun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Mirnuh İsmayılovun şirin su çatışmazlığı ilə bağlı Kür, Araz çaylarında apardığı araşdırmaların nəticələrinə həsr edilmiş “Ekoetika” verilişinin növbəti buraxılışı yayımlanıb.

Dəfələrlə Kür çayının axdığı ərazilərdə tədqiqatlar aparmış coğrafiyaşünas alim son vaxtlar Kürdə, eləcə də Azərbaycanın bir çox çaylarında su səviyyəsinin aşağı düşməsinin, bəzi yerlərdə isə vəziyyətin kritik hal almasının şahidi olub.

Çayları təbiətin qan damarları adlandıran alim onların ekosistemlər arasında dəhliz rolunu oynadığını, təbiəti zənginləşdirdiyini, insanların şirin suya olan təlabatının əsas təminatçısı olduğunu bildirib. O, həmçinin çaylardakı tıxanmanın insan həyatına zərər vurduğunu və bu səbəbdən çaylara ciddi münasibət bəslənilməsinin, onlara qayğı ilə yanaşılmasının vacibliyini diqqətə çatdırıb: “Meşələrin qırılması, sudan israfçılıqla, qeyri-düzgün istifadə, Kür hövzəsindəki çayların qum-çınqıl karxanaları tərəfindən normadan artıq istismarı və digər antropogen amillər şirin su potensialı ilə ondan istifadə edənlər arasındakı ekoloji balansın pozulmasına səbəb olur". 

Alim bildirib ki, gələcəkdə bu kimi problemlərin yaranmaması üçün Kür və Araz çaylarının keçdiyi qonşu Gürcüstan və Ermənistanın da “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə” Helsinki Konvensiyasına qoşulmaları müsbət rol oynaya bilər.       

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: