www.science.az
02.07.2020 13:10

Təhsildə innovasiyaların tətbiqinə dəstək verən sistem hazırlanıb

AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) verdiyi imtiyazlar “Emsys” şirkətinə daha sürətlə inkişaf etməyə və məhsullarını təkmilləşdirməyə imkan yaradacaq.

Yüksək Texnologiyalar Parkının rezidenti statusunu əldə etmiş, ölkəmizdə müasir tələblərə cavab verən intellektual tədris sistemini yaradan “Emsys” şirkəti ilə YT Parkın nümayəndə heyəti arasında görüş keçirilib. Əsas məqsəd birgə innovativ layihələrin həyata keçirilməsi və əməkdaşlığın inkişafına dair müzakirələr aparmaq olub.  

Görüş zamanı Azərbaycanın ali təhsil sistemində müasir idarəetmə sistemlərinə böyük tələbatın olduğu qeyd edilib. Bildirilib ki, innovasiyaların geniş tətbiqi Azərbaycanın təhsil sistemində yeni texnologiyaların inkişafına və rəqabətliliyin artırılmasına imkan verəcək.

Qeyd olunub ki, “Emsys” şirkətinin müəllifi olduğu Empro İntellektual Tədris İdarəetmə Sistemində universitetlərin elektron idarə edilməsi ilə yanaşı, distant təhsil modulu da mövcuddur. Bu isə, COVID-19 və digər bu kimi problemlərlə üzləşən təhsil sistemlərində daha çevik və effektiv nəticələr əldə etməyə imkan verəcək. Beynəlxalq təcrübə göstərir ki, distant təhsil böyük potensiala malikdir və yaxın illərdə dəmək olar ki, hər bir universitetin zəruri tədris alətlərindən biri olacaq.

Onlayn görüş zamanı, həmçinin Empro İntellektual Tədris İdarəetmə Sisteminin işi ilə bağlı təqdimat olub. Bildirilib ki, sistemin imkanlarına ali təhsil müəssisələrində elektron qeydiyyat, tədrisin elektron planlaşdırılması, fənn qruplarının onlayn qaydada təşkili, fənlərin tələbələr tərəfindən onlayn seçilməsi və mənimsənilməsi aiddir. Həmçinin tələbələrin bütün növ fəaliyyətlərinin elektron qaydada qiymətləndirilməsi, eləcə də müəllim heyətinin tələbələr tərəfindən onlayn dəyərləndirilməsi, imtahanların elektron qaydada tərtibi, məsafədən tədrisin canlı videogörüntü ilə təşkili və monitorinqi, müxtəlif statistik və dinamik hesabatların generasiyası və s. sistemin üstünlükləri sırasındadır.

Yeni sistem həm də videokonfranslar, kollektiv onlayn müzakirələr və müxtəlif növ kütləvi tədbirlərin keçirilməsi üzrə virtual platforma kimi istifadə imkanlarına malikdir.

Təqdimat tədbir iştirakçılarının böyük marağına səbəb olub. Empro sisteminin Azərbaycan universitetlərində tətbiqi perspektivləri ilə yanaşı, Asiya və Afrika ölkələrində də reallaşdırılması ilə bağlı təkliflər irəli sürülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.