Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Fəxrəddin Qədirov: “Təbii fəlakətlər pandemiya dövründə baş verərsə, daha ağır nəticələr müşahidə olunar”
02.07.2020 10:57
  • A-
  • A
  • A+

Akademik Fəxrəddin Qədirov: “Təbii fəlakətlər pandemiya dövründə baş verərsə, daha ağır nəticələr müşahidə olunar”

AMEA-nın Neft və Qaz İnstitutunun direktoru v.i.e., akademik Fəxrəddin Qədirov pandemiya dövründə zəlzələ, vulkan püskürməsi, torpaq sürüşməsi, sel, daşqın və s. təbii fəlakətlər baş verəcəyi təqdirdə onların doğuracağı nəticələr və bu zaman əməl edilməli qaydalarla bağlı məlumat verib. O, bildirib ki, BMT-nin məlumatına əsasən, son 20 ildə təbii fəlakət nəticəsində dünyada 1,5 milyona yaxın insan tələfatı olub. Alimin sözlərinə görə, hər il dünyada təbii fəlakətlərin sayı orta hesabla təxminən 20 faiz artır.

F.Qədirov vurğulayıb ki, təbii fəlakətlər pandemiya dövründə baş verərsə, daha ağır nəticələrlə müşahidə oluna bilər. Bu səbəbdən də pandemiya dövründəki davranış qaydalarında təhlükəli geoloji proseslər, o cümlədən zəlzələlər mütləq diqqətə alınmalıdır: “Seysmiklik nöqteyi-nəzərindən Azərbaycan ərazisi Alp-Himalay seysmik qurşağında yerləşib. Müxtəlif dövrlərdə Azərbaycan ərazisində güclü zəlzələlər baş verib. Bu zəlzələlər nəticəsində yer səthinin relyefi dəyişib, yaşayış binaları dağılıb və insan tələfatı olub”.

O, qeyd edib ki, pandemiya dövründə zəlzələ baş verərsə onun davam etmə müddəti, anidən baş verməsi və dağıntıların olması, insanların dağıntı altında qalmaq təhlükəsindən uzaqlaşmağa çalışması, bu zaman insanların bir-birlərinə köməklik göstərməsi və s. amillər nəzərə alınaraq sosial məsafənin məcburən pozulması ilə rastlaşılacaq. Bu fakt pandemiya dövründə zəlzələ baş verərsə ilk saatlarda ondan qorunmaq qaydalarının üstünlük təşkil edəcəyinin doğru olacağını göstərir: “Başqa sözlə, pandemiya dövründə zəlzələ baş verərsə zəlzələdən qorunma qaydaları prioritet olmalıdır”.

F.Qədirov əlavə edib ki, zəlzələlər zamanı əsas məsələ insan həyatının xilas edilməsidir. Bu təbii fəlakətdən sonra yeni infeksion xəstəliklərin yayılması ehtimalı yüksəkdir.

“Bu səbəbdən Azərbaycan ərazisində pandemiya dövrü baş verən təhlükəli təbii geoloji proseslər (o cümlədən zəlzələlər) zamanı yaranan təhlükələrin yayılma dinamikasının modelləşdirilməsi və yeni davranış qaydalarının hazırlanması istiqamətində elmi tədqiqatların aparılması bu gün aktual problem olaraq qarşıya çıxır”, - deyə akademik F.Qədirov qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: