Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti onlayn iclası keçirilib
29.06.2020 12:02
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti onlayn iclası keçirilib

AMEA-nın Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti onlayn iclası keçirilib.

Əvvəlcə bölmənin sədri, akademik İsmayıl Hacıyev iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. Sonra o, Naxçıvan Muxtar Respublikası ərazisində “İlandağ” geoparkının yaradılması haqqında məlumat verib. Bildirib ki, Naxçıvan Bölməsi, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti və Naxçıvan Dövlət Universitetinin mütəxəssislərindən ibarət “İlandağ” geoparkı ilə bağlı İşçi qrupu yaradılıb. Cari ildə İşçi qrupun gördüyü işlər və qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb.

Daha sonra bölmə sədri “İstiqlal salnaməsi: Azərbaycan Respublikasının müstəqillik tarixi (1991-2020)” çoxcildliyinin nəşri ilə bağlı AMEA Rəyasət Heyətinin 8 may 2020-ci il tarixli qərarını xatırladıb. O, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin baş redaktorluğu ilə hazırlanacaq nəşrin Redaksiya heyəti, müəlliflər heyəti və plan-prospektini iştirakçıların diqqətə çatdırıb.

İclasda, həmçinin İsmayıl Hacıyev Prezident İlham Əliyevin çağırışına cavab olaraq və ölkə başçısının Tərtər rayonuna səfəri zamanı çıxışından irəli gələn məsələlərin icrası istiqamətində AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəylinin rəhbərliyi ilə hazırlanacaq “İrəvan şəhəri-necə varsa” monoqrafiyası barədə məlumat verib. Qeyd edib ki, sözügedən tədqiqat əsərində bölmə əməkdaşları da yaxından iştirak edəcəklər.

Gündəlikdə əksini tapan növbəti məsələ “AMEA-nın 2019-cu ildəki fəaliyyəti haqqında” Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 10 iyun 2020-ci il tarixli qərarı ilə bağlı olub. İnstitut direktorlarına hər bir əməkdaşın sözügedən qərar ilə tanış olması üçün Elmi şuraların gündəliyinə qərarın salınması tapşırılıb.

Daha sonra bölmənin yarım illik hesabatının hazırlanması ilə bağlı Elm və təhsil şöbəsinin əməkdaşı Leyla Səfərova çıxış edib.

Sonda bir sıra cari məsələlər müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: