www.science.az
26.06.2020 15:42

Lənkəran Regional Elmi Mərkəzində yeni tropik-subtropik meyvə üzərində tədqiqatlar davam etdirilir

Son illər AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində (REM) çay və sitrus bitkiləri ilə yanaşı, quayava (Psidium quayava) bitkisinin yerli şəraitə uyğunlaşdırılması, yetişdirilməsi və onun təsərrüfat əhəmiyyətinin öyrənilməsi istiqamətində uğurlu nəticələr əldə olunub.

Bu barədə AMEA-nın Lənkəran REM-in direktoru, professor Fərman Quliyev məlumat verib. Alimin rəhbərliyi ilə İran İslam Respublikasından introduksiya edilən tropik-subtropik quayava (Psidium quayava) meyvə bitkisinin rayonlaşdırılması istiqamətində geniş araşdırmalar aparılıb.

Professor F.Quliyev mərsinkimilər fəsiləsinin psidium cinsinə aid bitki növü olan quayavanın rayonlaşdırılması istiqamətində 20 ilə yaxındır ki, elmi-tədqiqat işləri apardıqlarını bildirib. Qeyd edib ki, vətəni Cənubi Amerika olan quayavanın bölgəmizdə açıq havada, sintetik örtük və otaq şəraitində becərilməsinə dair bir sıra uğurlu nəticələr əldə olunub.

Tərkibində rekord miqdarda antioksidantlar olan quayavanın ən qiymətli meyvələrdən hesab edildiyini və böyük təsərrüfat əhəmiyyətinə malik olduğunu vurğulayan alim onun bitkisinin meyvəsindən qənnadı və tibb sənayesində, təbabətdə geniş istifadə edildiyini bildirib. F.Quliyev bu ətirli meyvənin bütün hissələrinin vitaminlərlə zəngin və turşaşirin dada malik olduğunu, onun yarpaqlarından efir yağları alındığını, eləcə də yarpaqları, çiçəkləri və meyvələrinin bakterisid təsirli olduğunu, dekorativ yaşıllaşdırmada müxtəlif kompozisiyaların tərtibatında istifadə edildiyini diqqətə çatdırıb.

Onun sözlərinə görə, quayavada rekord miqdarda C vitamini olduğundan, bu meyvədən müxtəlif tənəffüs yolları xəstəlikləri və qrip zamanı tez-tez istifadə edilməsi tövsiyə edilir. Şirəli meyvələri bronxial astma, ishal, bronxit, həmçinin tonzillit və ciddi sətəlcəm zamanı məsləhət görülür. Yarpaqların həlimi isə güclü öskürəkəleyhinə vasitə hesab olunur.

AMEA-nın Lənkəran REM-də quayavanın artırılması istiqamətində intensiv işlər görülür”, – deyə bildirən mərkəz rəhbəri öz müalicəvi xüsusiyyətləri ilə cənub bölgəsinin simvollarına çevrilmiş limon, naringi, feyxoadan geri qalmayan və bəzi hallarda onları üstələyən quayava bitkisinin təsərrüfat sahiblərinin, fermerlərin, həvəskar bağbanların böyük marağına səbəb olacağını qeyd edib. Alim bu möcüzəvi bitkinin tezliklə tanınacağına, bölgədə becərilən sitrus bitkiləri arasında öz layiqli yerini tutacağına əminliyini ifadə edib.

Fərman Quliyev qeyd edib ki, onun rəhbərliyi altında AMEA Lənkəran REM-in Azərbaycan Meyvəçilik və Bağçılıq İnstitutunun Lənkəran çay filialındakı təcrübə bazasında quayavanın rayonlaşdırılması və çoxaldılması istiqamətində aparılan tədqiqatlar öz bəhrəsini verməkdədir. Əlavə edib ki, yetişmə qabiliyyəti 90 faizdən yuxarı olan və qidalı dibçəklərdə yetişdirilən tropik quayava qələmlərini Lənkəran REM-ə müraciət edərək əldə etmək mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.