Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Coğrafiyaçı alim səhralaşma problemlərinə aydınlıq gətirib
25.06.2020 09:29
  • A-
  • A
  • A+

Coğrafiyaçı alim səhralaşma problemlərinə aydınlıq gətirib

AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, c.ü.f.d., dosent Məhərrəm Həsənov AZTV-nin  “Ekoetika” verilişinin iştirakçısı olub.

Coğrafiya İnstitutu əməkdaşlarının Kür-Araz ovalığında apardıqları çöl-tədqiqat işlərinin nəticələri əsasında lentə alınmış veriliş dünyada və Azərbaycan ərazisində gedən səhralaşma prosesləri, su çatışmazlığı problemlərinə həsr olunub.

M.Həsənov mövzu ilə əlaqədar fikirlərini bölüşüb, səhralaşma və su qıtlığı sahəsində baş verən proseslərə aydınlıq gətirib. Bildirib ki, dünyada böyük qlobal bir problemə çevrilmiş, Yer kürəsi sahəsinin dörddə birini əhatə edən və 110 ölkədə müşahidə edilən səhralaşma prosesi Azərbaycan alimlərini düşündürən vacib məsələlərdəndir. Onun sözlərinə görə, ölkəmizin ərazisinin 60 faizi səhralaşmaya meyilli subtropik ərazilərdən ibarətdir. Kür-Araz ovalığında yerləşən Mil düzü səhralaşma prosesinin ən intensiv baş verdiyi sahələrdəndir: “Daha çox kənd təsərrüfatında istifadə edilən ərazi olmasına baxmayaraq, burada həm su ehtiyatları azdır, həm də temperatur yüksəkdir. Mil düzündə yaranan qum təpələrinin gələcəkdə daha da artması torpaqlarımızın tez sıradan çıxması ilə nəticələnə bilər”.

Azərbaycanın 10 milyondan ibarət əhalisinin 6 milyonunun şoranlaşmaya və səhralaşmaya qismən məruz qalmış ərazilərdə məskunlaşdığını söyləyən M.Həsənov qeyd edib ki, səhralaşmaya qarşı mübarizədə təbiət sərvətlərindən səmərəli istifadə olunmalı, meşələr qorunmalı, bərpa işləri aparılmalıdır. O, əlavə edib ki, meşələrin qorunması torpaqların qorunması ilə yanaşı, su ehtiyatlarının qorunması deməkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: