Gənc folklorşünas alim, AMEA-nın Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Səfa Qarayevin müəllifi olduğu “Dədə Qorqud eposu: xan konsepti, ərgənlik metaforaları və psixoloji komplekslər” adlı kitab işıq üzü görüb.
Kitabda milli qorqudşünaslıq təcrübəsində ilk dəfə olaraq “Kitabi-Dədə Qorqud” eposunun mənalar sistemi sosial-antropoloji yanaşmalar konteksində psixoanalitik metodla araşdırmaya cəlb edilib. Yeni təqdim olunan nəzəri-metodoloji yanaşma tədqiqat predmetinin mənalar sistemi kimi müəyyənləşdirilməsini, eləcə də “Kitabi-Dədə Qorqud” eposu və bu epik ənənəyə daxil olan digər folklor mətnlərindəki süjet və motivlərin yaradıcı fantaziya artefaktı olaraq psixoloji komplekslərin metaforik təzahürü kimi təhlil olunmasını nəzərdə tutur.
İki fəsildən ibarət olan kitabın birinci fəsli “Kitabi-Dədə Qorqud”da epik reallıq və metaforik məna”, ikinci fəsli isə “Kitabi-Dədə Qorqud”da dəlilik: psixosemantik etiologiyası və simvolik semantikası” adlanır.
Nəşrin mühüm keyfiyyətlərindən biri də müasir dünya folklorşünaslığında əsas yanaşma istiqamətlərindən olan “mövqe” anlayışının tətbiqidir. Tədqiqatın mühüm metodoloji yeniliklərindən biri eposdakı çoxsaylı fakt və konfliktlərin Edip kompleksi kontekstində analizi təcrübəsidir. Burada Edip kompleksi psixoanalitik və sosial-antropoloji tədqiqatlarda insanın emosional reallığının, sosial kimliyinin formalaşmasında həlledici əhəmiyyətə malik olan sosial-psixoloji münasibət səviyyəsi kimi öyrənilməklə yanaşı, onun yaradıcılıq faktlarındakı mənayaradıcı rolu da dəyərləndirilib.
Beləliklə, əsərdə “xanın taxtdan düşüb yenidən taxta çıxması”, “ata-oğul konflikti”, “dəlilik”, “ana xətti ilə qohumluq münasibətləri”, “ana mühitindən ata mühitinə keçid” və s. kimi epik konseptlər, həmçinin Edip və digər psixoloji komplekslərin mənayaradıcı təbiəti müasir nəzəri-metodoloji yanaşmalar kontekstində geniş şəkildə öyrənilməklə, müasir milli folklorşünaslığımızın bu istiqamətdə inkişafı üçün yeni üfüqlər açır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.