Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Akademik İ.Həbibbəyli: “Prezident İlham Əliyev Paşinyana növbəti dəfə tarix dərsi keçdi”
23.06.2020 11:13
  • A-
  • A
  • A+

Akademik İ.Həbibbəyli: “Prezident İlham Əliyev Paşinyana növbəti dəfə tarix dərsi keçdi”

“Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə özünü ifşa etdi”. Bunu SİA-ya açıqlamasında AMEA-nın birinci vitse-prezidenti, millət vəkili, akademik İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev Paşinyana növbəti dəfə tarix dərsi keçdi: “Azərbaycan öz milli maraqları çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlığa böyük önəm verir və Avropa İttifaqı da ölkəmizlə münasibətlərin inkişafında maraqlı tərəf kimi çıxış edir. İyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı bunu bir daha vurğuladı. Azərbaycan Şərq Tərəfdaşlığının fəal tərəfdaş ölkəsidir. Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. Bizim Avropa İttifaqının bir çox üzv ölkəsi ilə sıx əməkdaşlığımız mövcuddur”.

İsa Həbibbəyli onu da bildirib ki, Prezident İlham Əliyev əvvəlki sammitdə olduğu kimi, bu sammitdə də Ermənistan baş nazirinin yalanlarını ifşa edib və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın prinsipial mövqeyini, eləcə də tarixi faktlar və reallıqları qətiyyətlə bəyan edib: “Daha dəqiq desək, Prezident İlham Əliyev Paşinyana növbəti dəfə tarix dərsi keçdi. Dövlətimizin başçısı Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etdiyini torpaqlarda mülki azərbaycanlılara qarşı etnik təmizləmə apardığını, ermənilərin işğal altındakı torpaqlarımızda mədəni irsimizi məhv etdiklərini, Dağlıq Qarabağda Ermənistanın heç bir tarixi irsinin olmadığını bir daha səsləndirdi. Prezident İlham Əliyev sammitdə vurğulayıb ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Bu qətnamələrin tələbləri şəksiz yerinə yetirilməlidir. Azərbaycanın qəti və birmənalı mövqeyi ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında öz həllini tapmalıdır. Çünki Dağlıq Qarabağ həm tarixi, həm də məhz hüquqi baxımdan Azərbaycanın ayrılmaz tərkib hissəsidir”.

Akademik İ.Həbibbəylinin sözlərinə görə, növbəti dəfə Paşinyan Azərbaycan Respublikası Prezidenti tərəfindən səsləndirilən tarixi həqiqətlər və təqdim edilən faktlar qarşısında aciz durumda qaldı: “Ən gülünc məqam Paşinyanın irqçilik məsələsinə toxunması və dövlət başçısının ona tutarlı cavabı oldu. Sammitdə Prezident İlham Əliyevin cavabı olduqca sərt və tutarlı idi. Çıxışımda dediklərim beynəlxalq təşkilatların qətnamələrinə əsaslanan tarixi həqiqətdir. Birincisi, bu, hər kəsə bəlli olan bir faktdır ki, Ermənistan Azərbaycanın ərazisini işğal edib. İkincisi isə Ermənistanın baş nazirinə irqçilik haqqında danışmağı məsləhət görməzdim, çünki erməni terrorçuları dünyaca məşhurdurlar. Parisin Orli hava limanında terror hadisəsi törədən Karapetyan soyadlı şəxs sonradan Ermənistana ekstradisiya edilib və Ermənistan prezidenti tərəfindən əfv olunub. Məhz buna görə belə məsələlər ətrafında müzakirə gedəndə ona sakit oturmağı tövsiyə edərdim".

İ.Həbibbəylinin sözlərinə görə, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin çıxışına cavab verməyə çalışan N.Paşinyan Aşqabadda MDB Zirvə görüşündə və Münhen Təhlükəsizlik Konfransında olduğu kimi tam iflasa uğradı: “Prezident İlham Əliyev sammitdə səlis və mükəmməl ingilis dilində faktlara əsaslanaraq N.Paşinyanın yalanlarını ifşa etməsi iki ölkə rəhbərinin müqayisəyə gəlmədiyini sübuta yetirdi və Paşinyanın aciz duruma düşməsi bir daha onun “küçə ritorikası”na əsaslandığını nümayiş etdirdi. N.Paşinyan göstərdi ki, mitinqlərdə çıxış etməklə belə səviyyəli konfranslarda çıxış etmək, dövlət idarəçiliyi tamamilə ayrı-ayrı anlayışlardır. Azərbaycan Prezidentinin Ermənistan baş nazirini növbəti dəfə siyasi iflasa uğratması faktını hətta Ermənistan mətbuatı və ictimaiyyəti də etiraf etmək məcburiyyətindədir. Bütün bunlar bir daha sübut etdi ki, Paşinyan beynəlxalq səviyyəli tədbirdə Azərbaycan Prezidentinin tarixi həqiqətə əsaslanan tutarlı faktları qarşısında növbəti dəfə mat vəziyyətinə düşdü və özünü biabır etdi".

  • Paylaş: