www.science.az
24.10.2014 00:00

Bakıda “Nüvə elmləri və onun praktiki aspektləri” mövzusunda VII Avrasiya konfransı keçirilir

Oktyabrın 21-də AMEA “Nüvə elmləri və onun praktiki aspektləri” mövzusunda VII Avrasiya konfransı öz işinə başlayıb. Dünyanın müxtəlif ölkələrindən alim və mütəxəssislərin qatıldıqları tədbirin açılış mərasimində AMEA prezidenti, akademik Akif Əlizadə, AMEA Radiasiya Problemləri İnstitutunun direktoru və Azərbaycan “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin direktoru, akademik Adil Qəribov, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar nazirinin 1-ci müavini İltimas Məmmədov, Türkiyə Atom Enerji Qurumunun prezidenti Zəfər Alper, Qazaxıstan Milli Nüvə Mərkəzinin baş direktoru Erlan Batırbekov, Özbəkistan Elmlər Akademiyasının Nüvə Fizikası İnstitutunun Nüvə Problemləri laboratoriyasının rəhbəri Qeyrət Kulabdullayev, Argentinanın INVAP S.E. birliyinin Nüvə Layihələri şöbəsinin biznes işləri üzrə meneceri Ruben Mazzi və başqaları çıxış ediblər.

Oktyabrın 25-dək davam edəcək konfransda nüvə fizikası və kimyası, radiasiya materialşünaslığı, radiasiya texnologiyaları, ekologiyası, biologiyası, təhlükəsizliyi və digər mövzularda məruzələr dinləniləcək, müzakirələr aparılacaq.

Tədbirdə növbəti konfransın 2016-cı ildə Özbəkistanın Daşkənd şəhərində keçirilməsi qərara alınıb.

Konfrans öz işini AMEA Radiasiya Problemləri İnstitutu, AMEA Fizika İnstitutu və AMEA-nın Əsas binasında seksiyalarda davam etdirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.