Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Əbdürrəhim bəy Haqverdiyevin 150 illiyinə həsr olunan onlayn konfrans keçirilib
19.06.2020 12:27
  • A-
  • A
  • A+

Əbdürrəhim bəy Haqverdiyevin 150 illiyinə həsr olunan onlayn konfrans keçirilib

AMEA-nın Elm Tarixi İnstitutu (ETİ) Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq, nasir, publisist və teatr təşkilatçısı, tanınmış ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyinə həsr edilən onlayn elmi konfrans keçirib.

Tədbiri müəssisənin direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli açaraq görkəmli ədibin həyat və yaradıcılığından danışıb. Bildirib ki, Əbdürrəhim bəy Haqverdiyev öz məşhur sələflərinin ədəbi ənənələrinin layiqli davamçısı və geniş erudisiyaya malik müasir dünyagörüşlü maarifpərvər ziyalı kimi çoxşaxəli fəaliyyət göstərib. Ə.Haqverdiyevin Azərbaycanın ictimai həyatında fəal iştirak etdiyini və sosial-mədəni quruculuq işlərində yorulmadan çalışdığını deyən institut direktoru vurğulayıb ki, onun adının UNESCO-nun 2020-2021-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilməsi yazıçının yaradıcılığına verilən dəyərdir.

Sonra ETİ-nin Tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Ziyad Əmrahov “Azərbaycan Xalq Cümhuriyyəti dövründə Ə.Haqvediyevin diplomatik fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edib. Alim məruzəsində Ə.Haqverdiyevin 1919-cu ilin fevralından etibarən Dağlılar Respublikasına səfir təyin olunması və oradakı diplomatik fəaliyyətindən bəhs edib.

AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı isə “Ə.Haqverdiyevin həyatı və yaradıcılığı monoqrafiyası” adlı məruzəsində ədibin həm bədii yaradıcılığı, elmi-nəzəri məqalələri, həmçinin tərcümə əsərləri ilə ədəbiyyat xəzinəmizin zənginləşməsində böyük xidmətlər göstərdiyini söyləyib.

Konfransda ETİ-nin Elmşünaslıq və elmin sosial problemləri şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru Ələddin Məlikovun “Ə.Haqverdiyevin ictimai və fəlsəfi görüşləri” mövzusunda məruzəsi dinlənilib. Qeyd edib ki, maarifçiliyi, cəmiyyətin problemlərini görməsi, yazması, eləcə də dövrünün problemlərini həll etməyə çalışması nöqteyi nəzərindən Ə.Haqverdiyevi mütəfəkkir-filosof da hesab etmək olar.

Daha sonra Ədəbiyyat İnstitutunun əməkdaşları, aparıcı elmi işçilər, filologiya üzrə fəlsəfə doktorları – Güldəniz Qocayeva “Ə.Haqverdiyevin həyatının bilinməyən tərəfləri”, Lütviyyə Əsgərzadə “Haqverdiyevin dramaturgiyası”, Elm Tarixi İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev “Ə.Haqverdiyevin əsərlərində Azərbaycan tarixinə dair materiallara ümumi bir baxış”, institutun Təbiət və dəqiq elmlər şöbəsinin elmi işçiləri Aybəniz Osmanova “Ə.Haqverdiyevin nəsr əsərlərinin müasirliyi”, Solmaz Namazova isə “Ə.Haqverdiyevin “Molla Nəsirəddin” jurnalı barədə xatirələri” adlı məruzələrlə çıxış ediblər.

Çıxışlarda yazıçının ədəbi-bədii yaradıcılığı ilə yanaşı, onun mədəni-ictimai fəaliyyətindən, milli ideologiyanın oyanışındakı misilsiz xidmətlərindən söz açılıb. Qeyd olunub ki, Azərbaycan realist ədəbiyyatını və maarifçi-demokratik fikrini yeni mərhələyə qaldıraraq milli düşüncənin inkişafında əhəmiyyətli rol oynayan ustad sənətkarın irsi ölkəmizdə teatr mədəniyyətinin yüksəlişinə yol açıb. Vurğulanıb ki, Ə.Haqverdiyevin əsərləri dövrünün hadisələrini, ictimai-siyasi mənzərəsini əks etdirən tarixi qaynaq kimi əhəmiyyətə malikdir. Onun maarifçiliyin alovlu təbliğatçısı olaraq daim mədəni oyanışa və tərəqqiyə səsləyən hekayələri müasirliyi baxımından nəsr tariximizin ən qiymətli nümunələri sırasında xüsusi yer tutur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: