www.science.az
23.10.2014 00:00

Ərtoğrul Cavidin xatirəsi anılıb

AMEA Hüseyn Cavidin Ev Muzeyində Azərbaycanın görkəmli şair və dramaturqu Hüseyn Cavidin oğlu Ərtoğrol Cavidin 95 illik yubileyininə həsr olunmuş tədbir keçirilib.

Yubiley tədbirində çıxış edən muzeyin direktoru, fil.ü.e.d Gülbəniz Babaxanlı Ərtoğrol Cavidin çoxşaxəli fəaliyyətindən söhbət açıb. Bildirib ki, 24 il ömür yaşamış Ə.Cavid Pedaqoji İnstitutun ədəbiyyat fakültəsini əla qiymətlərlə bitirdikdən sonra Konservatoriyaya daxil olmuşdur. O, Üzeyir Hacıbəylinin tələbəsi olmuş, romanslar, mahnılar, simfonik parçalar bəstələmiş, “Məhsəti” operasını yazmağa başlamışdır. G.Babaxanlı qeyd edib ki, Ərtoğrol Cavid istedadlı musiqiçi və rəssam olmaqla yanaşı, həm də folklorçu olmuşdur. Azərbaycan milli musiqisinin və folklorunun toplanması, sistemləşdirilməsi və tədqiqi sahəsində onun gördüyü işlər xalqımızın milli sərvətinin qorunması istiqamətində atılmış mühüm addımdır. Bildirilib ki, 1938-1941-ci illərdə prof. Üzeyir Hacıbəylinin və prof. Bülbülün rəhbərliyi altında Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki Musiqi Elmi-Tədqiqat Kabinetində çalışdığı müddətdə Ərtoğrol Cavidin toplayıb təhlil etdiyi əlyazmalar əsasında Hüseyn Cavidin Ev Muzeyi 10 cilddə “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” çoxcildliyini nəşr etdirmişdir. Ə.Cavidin 95 illiyi münasibətilə toplunun növbəti 3 cildi olan “Balaman məktəbi”, “Ərtoğrol Cavidin nota köçürdüyü el mahnıları” və “Ərtoğrol Cavidin yarımçıq qalmış musiqi əsərləri” kitabları da çapa hazırlanmışdır.

Tədbirin sonunda Ərtoğrol Cavidin xatirəsinə həsr olunmuş sərgi nümayiş etdirilib, bəstələdiyi musiqi əsərləri səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.