Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Ömər Sultan ziyarətgahında tədqiqatlar yekunlaşıb
17.06.2020 10:11
  • A-
  • A
  • A+

Ömər Sultan ziyarətgahında tədqiqatlar yekunlaşıb

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji ekspedisiyası Şamaxı rayonunun Avaxıl kəndi ərazisindəki Ömər Sultan ziyarətgahında tədqiqatları başa çatdırıb. Professor Qafar Cəbiyevin rəhbərlik etdiyi tədqiqatlar nəticəsində Azərbaycan sufiliyinin önəmli qolu olan xəlvətilik məktəbinin banisi Pir Ömər Avaxıli Şirvaninin türbəsi aşkar edilərək öyrənilib.

Yonulmuş çay və qaya daşları ilə hörülən türbənin şimal divarlarının nisbətən yaxşı qalan hissəsinin hündürlüyü 2,1 metr, qalınlığı 0,9 metr təşkil edir. Türbənin cənub tərəfi boyunca şərq-qərb istiqamətində uzanan qəbir kamerasının eni 0,9 metr, uzunluğu isə 2,1 metrdir. Türbədə ziyarətçilərin oturub zikr etməsi üçün xüsusi kətil də hörülüb.

Professor bildirib ki, türbənin qərb istiqamətindəki divarı qoz ağacının çürüməkdə olan koğuşu ilə əhatələnir. Tədqiqat zamanı Pir Ömərin məhz belə bir ağacın koğuşunda zikr etməsi hadisəsi ilə bağlı geniş yayılmış rəvayətlərin elmi dəyərini nəzərə alaraq, ekspedisiya heyəti ağaca toxunmayıb. Bu səbəbdən də türbənin qərb divarı tam olaraq açılmayıb. Oradan yalnız üzü üstə düşmüş vəziyyətdə olan türbə kitabəsini götürmək mümkün olub.

Arxeoloqlar türbə içərisi və ətrafından Pir Ömərə aid elmi cəhətdən çox mühüm əhəmiyyət kəsb edən artefaktlar aşkara çıxarıblar. Həmin tapıntılar içərisində bilavasitə Pir Ömərə aid qəbir və türbə kitabəsi xüsusilə maraqlıdır. Türbə kitabəsindən bəlli olur ki, Pir Ömər 1409-cu ilin iyul ayında vəfat edib. Kitabədə, habelə Pir Ömərə “şeyx”, “zahid”, “abid” kimi epitetlərlə xitab olunub. Sadə süls xətti ilə yazılmış ərəbdilli kitabədə Azərbaycan türkcəsində olan ifadələr də yer alıb.

Türbənin ətrafından daha bir neçə kitabə aşkar edilib. Həmin kitabələrdən biri Sultan Bayəzidin nəslindən olan Şeyx Cəlilə, digəri Şeyx Cəlilin oğlu Allahvermişə aiddir.

Qazıntı prosesində ərazidə bir-birinin yaxınlığında olan çoxsaylı müsəlman qəbirləri də aşkar edilib.

İlkin olaraq Avaxılda təşəkkül tapan, Şirvanda və bütün Azərbaycanda formalaşma mərhələsi keçən xəlvətilik sufi təlimi daha sonra Avropa, Asiya və Afrikanın hüdudları daxilində də geniş yayılıb.

Qeyd edək ki, mayın 25-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şamaxı rayonuna səfərləri çərçivəsində Pir Ömər Sultan ziyarətgahında olub, orada aparılan arxeoloji tədqiqatlarla maraqlanıblar. Prezident Pir Ömər Sultan ziyarətgahında aparılan tədqiqatların davam etdirilməsi və abidənin konservasiya olunması ilə bağlı aidiyyəti qurumlara tapşırıq və tövsiyələrini verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: